Görkəmli lirik mahnılar bəstəkarının doğum günüdür

Görkəmli lirik mahnılar bəstəkarının doğum günüdür Elza İbrahimova Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olub
İncəsənət
10 Yanvar , 2015 11:25
Görkəmli lirik mahnılar bəstəkarının doğum günüdür

Bakı. 10 yanvar. REPORT.AZ/ Bu gün görkəmli bəstəkar, Azərbaycan musiqisində lirik mahnılar müəllifi kimi tanınan Elza İbrahimovanın doğum günüdür.

"Report" xəbər verir ki, mərhum bəstəkarın 77 yaşı tamam olur.

Kövrək mahnıların müəllifi olan Elza İbrahimova 1938-ci ildə Hacıqabul şəhərində anadan olub. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini bitirib.

Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyir. "Yalan ha deyil" mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olub. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri Elza İbrahimova olub.

Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibətilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.

Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər, romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən "Ey vətən" əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olub.

2008-ci ildə Xalq artisti adına layiq görülən incə ruhlu xanım bəstəkar Elza İbrahimova 2012-ci il fevralın 11-də 74 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi