Yuxarı
    Bağlamaq

    Nazirlik batal janrında müsabiqə elan edib

    Sərgi-müsabiqədə iştirak etmək istəyən rəssamlar öz əsərlərini yanvarın 15-dən fevralın 10-dək təqdim edə bilərlər

    Bakı. 4 sentyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan tarixinin şanlı döyüş səhifələrinin, dövlət müstəqilliyinin bərpası və qorunması, ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının, milli təhlükəsizliyinin təmin edilməsi uğrunda qəhrəmanlıq və şücaət göstərmiş vətən övladlarının igidliyini, onların mübarizə əzmini təsviri sənət əsərlərində əks etdirmək məqsədi ilə sentyabr ayının 1-dən 2016-cı il fevral ayının 10-dək batal janrında, (batal - təsviri sənətdə müharibə və hərbi həyat mövzularına həsr olunan janr) respublika müsabiqəsi elan edib.

    "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

    Yaşı 20-dən yuxarı olan ali və orta ixtisas təhsilli, peşəkar rəssamlar batal janrında işlənmiş əsərlərini müsabiqəyə təqdim edə bilər.

    Sərgi-müsabiqəyə təqdim olunan əsərlər yüksək bədii tələblərə cavab verməli, Azərbaycan tarixinin şanlı döyüş səhifələri, dövlət müstəqilliyinin bərpası və qorunması, ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının, milli təhlükəsizliyinin təmin edilməsi uğrunda qəhrəmanlıq və şücaət göstərmiş vətən övladlarının igidliyini, onların mübarizə əzmini əks etdirməli, ideya və məzmunca Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmlənməsinə və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət etməlidir.
    Rəngkarlıq, qrafika əsərləri sərgi-müsabiqəyə təqdim olunarkən çərçivələnməli, heykəltəraşlıq əsərləri isə bərk materiala köçürülməlidir.

    Sərgi-müsabiqəyə təqdim olunacaq əsərlərə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin əmri ilə yaradılacaq ixtisaslı mütəxəssislərdən, sənətşünas və tanınmış rəssamlardan ibarət münsiflər heyəti tərəfindən baxış keçiriləcək və qiymətləndiriləcəkdir.

    Münsiflər heyəti tərəfindən seçilmiş əsərlər nazirlik tərəfindən müqavilə yolu alınacaq.

    Qeyd edək ki, sərgi-müsabiqədə iştirak etmək istəyən rəssamlar öz əsərlərini 2016-cı il yanvar ayının 15-dən fevral ayının 10-dək Azərbaycan Dövlət Rəsm Qalereyasına (Ünvan: Bakı ş., Neftçilər prospekti, 123A, Tel: 012-493-86-33) təqdim edə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi