Bakı. 3 oktyabr. REPORT.AZ/ Oktyabrın sonunda Bakıda "Human" layihəsi adı altında foto-sərgi keçiriləcək. Sərgini "Human" layihəsinin müəllifi Babək Sübhani təşkil edir.
Bu barədə "Report"a fotoqraf Babək Sübhani məlumat verib.
Onun sözlərinə görə, layihənin müəllifi özü və Bəhruz Vaqifoğludur.
Layihənin mövzusu Azərbaycanın tanınmış teatr aktyorları və rejissorlarının portretləri, onların ifasında kopozisiya fotoları, mim obrazlarının ifasında qadına qarşı şiddət, intihara qarşı insanların biganəliyidir.
Layihə "Yaşadığımız dünyada müharibəyə, şiddətə, intihara yox demək" devizi altında keçiriləcək.
Qeyd edək ki, sərginin simaları arasında xalq artistləri - Ramiz Novruz, Bəxtiyar Xanızadə, əməkdar artistlər Münəvvər Əliyeva, Şəlalə Quliyeva, rejissor Cavid Təvəkkül, aktyor Kamran Ağabalayev, Bəhruz Vaqifoğlu, İlahə Həsənova, Səbinə Hacıyeva, Zəhra Osmanova, Mənsurə Əhmədova və başqalarının maraqlı fotoları yer alacaq.