Yuxarı

Bakıda beynəlxalq turizm filmləri festivalı keçiriləcək

Festivalın seçim komissiyasına 71 ölkədən 420 ekran əsəri təqdim olunub

Bakı. 31 may. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iyunun 1-dən 4-dək üçüncü Bakı beynəlxalq turizm filmləri festivalı keçiriləcək.

Bu barədə “Report”a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir.

Nazirlikdən bildirilib ki, festival eyni zamanda, tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqəti cəlb etməyi də qarşısına məqsəd qoyub.

Festivalın seçim komissiyasına 71 ölkədən 420 ekran əsəri təqdim olunub. Həmin ölkələr arasında ABŞ, Türkiyə, Argentina, Avstraliya, Baham adaları, Banqladeş, BƏƏ, Braziliya, Butan, Çili, Çin, CAR, Dominikan, Hindistan, İraq, İsrail, Kanada, Kolumbiya, Konqo, Malaziya, Mavritaniya, Meksika, Mərakeş, Misir, Monqolustan, Nepal, Oman, Peru, Ruanda, Şri Lanka, Vyetnam, Yaponiya, Avropa və MDB ölkələri var. 

Festivalın seçim komissiyası 28 ölkədən 78 filmi müsabiqə proqramına daxil edib. Seçilən filmlər ölkə, region, şəhər, mədəniyyət, ənənə, reklam filmləri, ekoloji turizm və digər turizm növləri, TV məhsullar (filmlər, videoçarxlar) kateqoriyaları üzrə yarışacaqlar.

Festivalın müsabiqə proqramındakı filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 6 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Münsiflər heyətinə tanınmış jurnalist Azər Qərib rəhbərlik edir. Heyətə Azərbaycandan Azər Qəriblə yanaşı Ayaz Salayev, Yusif Şeyxov, Rauf Paşayev, Macarıstandan Endre Florian, Rusiyadan İnna Demejko daxildir.

Hər kateqoriya üzrə 3 film mükafatlandırılacaq.

I yerə - qızıl mükafat – diplom və mükafat

II yerə - gümüş mükafat - diplom və mükafat

III yerə - bürünc mükafat - diplom və mükafat təqdim ediləcək.

Festivalın ən yaxşı filmi isə "QRAN PRİ" – diplom və mükafatla təltif olunacaq.

Yerli filmlər eyni zamanda Milli Mükafat uğrunda mübarizə aparacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi