Yuxarı

Bakıda “Almaniya bir rəssamın gözü ilə” adlı sərgi açılıb

Sərgi iyun ayının 12-dək davam edəcək

Bakı. 27 may. REPORT.AZ/ Bakıda Azərbaycanlı rəssamların əsərlərindən ibarət “Almaniya bir rəssamın gözü ilə” adlı doqquzuncu rəsm sərgisi açılıb. 

"Report" xəbər verir ki, sərgi Almaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası “Qız Qalası” İncəsənət Qalereyası və “Berlin-Bakı” Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə keçirilir. 

Sərgidə 100-dən artıq rəssamın 117-dək əsəri nümayiş etdirilir.

Almaniya səfirliyinin müvəqqəti işlər vəkili Folker Berreshaym gənc rəssamların sərgi-müsabiqəyə təqdim etdikləri əsərləri yüksək istedad nümunələri kimi qiymətləndirib.

Gənc Tamaşaçılar Teatrının gənc rəssamı Telman Şıxıyev də sərgidə iştirak edib. Onun əl işi sərgidə üçüncü yerə layiq görülüb. T.Şıxıyev Almaniyaya ongünlük səfər imkanı əldə edib.

Sərgidə iştirak edən butaforçu-rəssamlar – Elnur Babayeva, Pərvanə Məmmədova, Şahin Hüseynli və Yekaterina Bıçkova isə müvafiq sertifikatlarla təltif olunub.

Qeyd edək ki, təbiət, mənzərə, güllər, dəniz, ilin fəsilləri, müxtəlif fəlsəfi yanaşma və emosional hisslərin rənglərlə ifadəsinin əks olunduğu rəngkarlıq, yağlı boya, akvarel, qrafika və tətbiqi sənətə aid olan müxtəlif mövzulu portretlərin yer aldığı sərgi iyun ayının 12-dək davam edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi