Bakı Uşaq Teatrında "Yeddi ərli Hörmüz" tamaşası hazırlanır

Bakı Uşaq Teatrında "Yeddi ərli Hörmüz" tamaşası hazırlanır Tamaşa 16 yaşdan yuxarı tamaşaçılar üçün nəzərdə tutulub
İncəsənət
19 Mart , 2016 17:11
Bakı Uşaq Teatrında Yeddi ərli Hörmüz tamaşası hazırlanır

Bakı. 19 mart. REPORT.AZ/ Bakı Uşaq Teatında tanınmış türk yazıçısı Sadıq Şəndilin "Yeddi ərli Hörmüz" tamaşası hazırlanır. Tamaşa böyüklər üçün nəzərdə tutulub.

Bu barədə "Report"a Bakı Uşaq Teatrının bədii rəhbəri və direktoru İntiqam Soltan məlumat verib.

"Sadıq Şəndilin "Yeddi ərli Hörmüz" əsərini hazırlayırıq. Təbii ki, uşaq teatrı və "Yeddi ərli Hörmüz" təzad yaradır. Amma kim deyir ki, uşaq teatrı böyüklər üçün tamaşa hazırlaya bilməz. Tamaşa 16+ olacaq. Təbii ki, bütün estetik normalara riayət etmək şərtilə. Biz 67-70 səhifəlik əsərdən bir hissəli tamaşa etmişik. 1 saat 20 dəqiqəlik tamaşaya nə qədər temp lazımdır ki, tamaşanı tamaşaçıya çatdıra bilək. Amma Bakı Uşaq Teatrı uşaqlar üçün işlədiyindən, templə işləməyi bacarır. Tamaşanın ən böyük düşməni tamaşaçılarla aktyorlar arasında böyük sərhədin çəkilməsi, əsərdə tempin aşağı olmasıdır", - deyə Bakı Uşaq Teatrının bədii rəhbəri qeyd edib.

İ.Soltan tamaşanın rejissorunun özü olduğunu vurğulayıb: "İkinci rejissor İlhamə Əhmədovadır. Rol bölgüsünü İlhamə xanım aparıb. Aktyorları o seçib. Hörmüz rolunun ifaçısı Könül Şahbazova-Qasımovadır. Kişilərimiz 7 ərə bölünüblər. Tamaşada aktyor kimi rol almışam. Qazi rolunu ifa edəcəm. Bu tamaşanı teatr başqa stildə hazırlayıb. Tamaşada nağılçı obrazını dəyişmişik, daha doğrusu, ixtisar edib, nağılçını rəqslərlə əvəz eləmişik". 

Qeyd edək ki, tamaşanın premyerası aprelin sonunda olacaq.

Son xəbərlər

Orphus sistemi