Yuxarı

Azərbaycanlı aktyor Türkiyədə teleseriala çəkilir

Kamran Ağabalayevin rol aldığı Qızqaçıran filmi mayın 13-də Bakıda nümayiş etdiriləcək

Bakı. 3 may. REPORT.AZ/ Türkiyəli rejissorun ekranlaşdırdığı və azərbaycanlı aktyor Kamran Ağabalayev və aktrisa Könül Nağıyevanın da rol aldığı "Qızqaçıran" filmi mayın 13-dən Azərbaycanda nümayiş etdiriləcək. 

Aktyor Kamran Ağabalayev "Report"a açıqlamasında deyib ki, filmin Türkiyədə qalası da keçirilib.

Onun sözlərinə görə, hazırda Türkiyədə "İstanbul sokakları" teleserialına çəkilir: "Türkiyəli rejissorlarla əməkdaşlığım uzun müddətdir davam edir. "Tərkedilmiş" bədii filmindən sonra türk rejissorlardan təkliflər alıram. "Qızqaçıran" bədii filmini bitirdik və Türkiyədə təqdimatını keçirdik. Bir neçə gündən sonra Türkiyəyə yola düşürəm. "İstanbul sokakları" filminin ilk bölümündə çəkilmişdim və 9-cu bölümdən başlayaraq yenidən serialda obrazımı canlandıracağam. Serialda mənfi qəhrəman obrazını ifa edirəm. Türkiyədən film və daimi yaşamaq təklifi almışam. Filmlərə gedib çəkilirəm. Amma Bakını həmişəlik tərk edə bilmərəm. "İstanbul sokakları"ndan başqa, "Elif" adlı serialda da çəkilmək üçün dəvət almışam."

K.Ağabalayev həmçinin Türkiyədən teatrda çalışmaq üçün təklif aldığını, ancaq teatrda oynamaqdan çəkindiyini deyib: "Mən kino aktyoruyam. Təhsilimi bu sahədə almışam. Teatr çətin sənətdir. Mən düşünürəm ki, hər aktyor teatrda çalışa bilməz. Türkiyədə "Kedi" Teatrının rəhbəri Barış Kiralıoğlundan təklif almışam. Amma teatrda oynamaqdan, səhnədən qorxuram". 

O, "Azərbaycanfilm" kinostudiyasında çəkilişlərinə başlanılan "Üç gün və bir ömür" filmində də rol aldığını söyləyib: "Bundan başqa, Ülviyyə Könülün ekranlaşdırdığı "Həddən artıq uyğunluq" adlı filmdə rol almışam və ekran əsəri 2016-cı ilin payızında təqdim ediləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi