Yuxarı

Azərbaycanlı aktrisa Rusiyada Beynəlxalq Yay Teatr Məktəbini uğurla başa vurub

Yay məktəbi iyun ayının 1-dən – 30-dək Moskva vilayətinin Zveniqorod şəhərində baş tutub

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Asya Atakişiyeva X Beynəlxalq Yay Teatr Məktəbində 1 aylıq təlimi başa çatdırıb.

Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib.

Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və RF-in Mədəniyyət Nazirliyinin təşkil etdiyi yay məktəbi iyun ayının 1-dən-30-dək Moskva vilayətinin Zveniqorod şəhərində baş tutub.

Hər il dünyanın bir çox ölkəsindən olan 90-a yaxın peşəkar gəncin təlimi həyata keçirilən yay məktəbində bu dəfə ABŞ, Böyük Britaniya, Almaniya, Azərbaycan, Fransa, Polşa və Rusiyanın 40 şəhəri də daxil olmaqla, ümumilikdə dünyanın 28 ölkəsindən 87 nümayəndə iştirak edib.

Layihə çərçivəsində gənc aktyorlara gündəlik təcrübə ilə yanaşı, tanınmış teatr xadimlərinin ustad dərsləri, master klasslar keçirilib. Ustad dərslərini Yay Teatr Məktəbinin bədii rəhbəri, RF-in xalq artisti Aleksandr Kalyagin başda olmaqla, tanınmış teatr xadimləri Yuriy Nikolayeviç Butusov, Konstantin Arkadyeviç Raykin və Sergey Vasilyeviç Jenovaç keçirib.

Təlim proqramı müddətində məşhur rus rejissorları gənc aktyorlarla kukla, plastik, küçə və iki dramatik tamaşa olmaqla ümumilikdə 5 səhnə əsəri - “Три сестры. Третье действие”, “Пушкин. Маленькие трагедии”, “Тишина”, “Cantodelleombre / Песня теней”, “Маленькие гвозди” hazırlayaraq təqdim edib.

Xoş təəssüratlar, bol tamaşaçı alqışı və maraqlı yaradıcılıq təklifləri alan aktrisamız rol aldığı tamaşada uğurlu çıxışa və 1 aylıq təlimlərə görə X Beynəlxalq Yay Teatr Məktəbinin diplom və sertifitakına, eləcə də gümüş döş nişanına layiq görülüb. Yay Teatr Məktəbinin bədii rəhbəri Aleksandr Kalyagin ölkəmizə xüsusi salamlarını göndərərək, Azərbaycan teatr məktəbinin peşəkar yetirmələrinin növbəti illərdə də rəhbərlik etdiyi təlimlərdə iştirakının qarşılıqlı yaradıcılıq mübadiləsi baxımından uğurlu olacağını bildirib.

Start götürdüyü gündən yaxşı mənada bir çox dəyişikliklərə məruz qalan, iştirakçı coğrafiyasını genişləndirən Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının irimiqyaslı təhsil layihəsi olan Beynəlxalq Yay Teatr Məktəbinin əsas məqsədi dəyişməz olaraq qalıb. Məqsəd müxtəlif ölkə və kontinentlərdən olan ən yaxşı aktyorları bir yerə toplayaraq qarşılıqlı yaradıcılıq mübadilələri həyata keçirmək, yeni aktyor məktəbinin inkişaf etdirilməsinə nail olmaqla, peşəkarlıq səviyyəsinin artırılmasını təmin etməkdir.

2007-ci ildən start götürən və bugünədək dünyanın 40-dan çox ölkəsindən 900-dək sənətçinin təlim keçdiyi Beynəlxalq Yay Teatr Məktəbi Rusiya Federasiyası Teatr Xadimləri İttifaqı və RF-in Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşdırılır.

Xatırladaq ki, ötən il bu məktəbdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iki gənc aktyoru – Günel Məmmədova və Eşqin Quliyev iştirak edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi