Yuxarı
    Bağlamaq

    ​Azərbaycanın görkəmli sənətkarı Rəşid Behbudov yad edilib

    Azərbaycan Dövlət Mahnı Teatrının estrada-simfonik orkestri sənətkarın xatirəsinə həsr edilən konsert proqramı ilə çıxış edib

    Bakı. 9 iyun. REPORT.AZ/ Bu gün görkəmli müğənni, Azərbaycan və SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Behbudovun (1915-1989) xatirə günü münasibətilə sənətkarın Fəxri xiyabandakı məzarı ziyarət olunub.

    "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

    Anım mərasimində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi, sənətkarın ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Sənətkarın qəbri üzərinə əklil qoyulub, ruhuna dualar oxunub.

    Dövlət Mahnı Teatrının direktoru Kazım Qasımov Rəşid Behbudovun Azərbaycan musiqisi tarixində, kino sənətində rolundan söz açıb, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb. Bildirib ki, görkəmli sənətkar ifaçılıqla yanaşı, Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edib: "Rəşid Behbudovun bizə yadigar qoyub getdiyi musiqi, kinofilm və lent yazılarından əlavə, bir də yaratdığı əbədiyaşar Mahnı Teatrı var. Teatr unudulmaz sənətkarın adını yaşadır. Təkrarolunmaz gözəl səsi, yüksək vokal istedadı və böyük sənətkarlığı ilə Azərbaycan musiqisini dünyada tanıdan Rəşid Behbudov mədəniyyətimizin parlaq simalarından biridir. Onun çoxcəhətli fəaliyyəti incəsənətimizin zəngin bir mərhələsini təşkil edir".

    Vurğulanıb ki, ifa etdiyi mahnılar, yaratdığı obrazlar, əsasını qoyduğu Mahnı Teatrı, eləcə də ictimai fəaliyyəti Rəşid Behbudovun çoxşaxəli yaradıcılığının, mənalı həyat yolunun əbədi xatırlanacaq səhifələridir. Prezident İlham Əliyevin 18 mart 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafı və təbliği yolunda misilsiz xidmətlər göstərmiş qüdrətli sənətkarın 100 illik yubileyi geniş şəkildə qeyd olunacaq.

    Sənətkarın ailə üzvləri ziyarətə qatılan hər kəsə dərin təşəkkürlərini bildiriblər.

    Həmin gün R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının estrada-simfonik orkestri sənətkarın xatirəsinə həsr edilən konsert proqramı ilə çıxış edib. Proqramda böyük musiqiçinin repertuarından musiqilər səslənib, Tofiq Quliyev, Niyazi, Arif Məlikov və başqa bəstəkarların əsərləri ifa olunub. Vaxtilə Rəşid Behbudovun ifasında sevilərək əbədilik qazanmış mahnılar musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb. Orkestrin bədii rəhbəri pianoçu-bəstəkar, Əməkdar artist Salman Qəmbərovdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi