Azərbaycan Tbilisidə keçirilən quruluşçu rəssamların beynəlxalq sərgisində təmsil olunub

Azərbaycan Tbilisidə keçirilən quruluşçu rəssamların beynəlxalq sərgisində təmsil olunub Tbilisi. 11 oktyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində quruluşçu rəssamların biennalesi (“Tbilisi Biennale of Stage Design”) açılıb.
İncəsənət
11 Oktyabr , 2018 22:07
Azərbaycan Tbilisidə keçirilən quruluşçu rəssamların beynəlxalq sərgisində təmsil olunub

Tbilisi. 11 oktyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində quruluşçu rəssamların biennalesi (“Tbilisi Biennale of Stage Design”) açılıb.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, beynəlxalq sərgidə Azərbaycan, Rusiya, Ukrayna, Macarıstan, Kanada və Ermənistandan olan quruluşçu rəssamlar iştirak edirlər.

Tədbir Tbilisi meriyası, Gürcüstan Milli Muzeyi, Şota Rustaveli adına Dövlət Dram Teatrı, Gürcüstan Parlament Kitabxanası, həmçinin Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Azərbaycanı tədbirdə quruluşçu rəssam Mustafa Mustafayev, rejissor Tural Mustafayev və teatrşünas Aliyə Dadaşova təmsil edirlər.

M.Mustafayev “Report”a müsahibəsində Tbilisidəki beynəlxalq sərgiyə üçüncü dəfə qatıldığını bildirib:

“Sərgidə 6 tamaşa üçün hazırladığım eskizlər və səhnə tərtibatları təqdim olunub. Həmin tamaşalar Azərbaycan, Türkiyə, Qazaxıstan və Moldova teatrlarında səhnəyə qoyulub”.

Rəssam qeyd edib ki, beynəlxalq sərgi çərçivəsində səhnə tərtibatı və dizaynı mövzusunda master-klaslar keçiriləcək:

“Məmnuniyyətlə master-klaslara qatılacağam. Tədbirdə iştirakçı ölkələrin təcrübəli və gənc teatr rəssamlarının işləri ilə tanış olmaq və onlarla fikir və təcrübə mübadiləsi aparmağa imkan olacaq”.

Biennalenin direktoru Nina Gunia-Kuznetsova “Report”a teatr rəssamlarının Tbilisidə ilk sərgisinin 2014-cü ildə keçirildiyini bildirib:

“Sərgi biennale kimi 2016-cı ildə təşkil olundu. Builki sərgi artıq ikinci biennaledir. Quruluşçu rəssamlığın bir peşə kimi inkişaf etdirilməsi üçün beynəxlalq sərgilərin keçirilməsi çox vacibdir. Əlbəttə digər ölkələrdə bu mövzuda bir sıra beynəlxalq sərgilər keçirilir. Lakin Gürcüstan və xüsusən də regionda gənclər quruluşçu rəssam peşəsinə təəssüf ki, xüsusi maraq göstərmirlər”.

Direktor qeyd edib ki, sərgidə 35 yaşadək olan gənc teatr rəssamları iştirak edir:

“Builki sərgi əvvəlkilərindən iştirakçı ölkələrin sayının çox olması ilə fərqlənir. Sevinirəm ki, azərbaycanlı quruluşçu rəssam Mustafa Mustafayev sərgiyə çox maraqlı və gözəl eskizlər, səhnə tərtibatını əks etdirən fotoşəkillərlə qatılıb. Azərbaycandan daha çox rəssamların sərgidə iştirakına çox sevinərik. Biennalenin Azərbaycanda da populyar olacağına inanıram. 2020-ci ildə keçiriləcək növbəti biennaledə Azərbaycandan daha çox teatr rəssamlarını gözləyirəm”.

Beynəlxalq sərgi oktyabrın 18-dək davam edəcək.

Bu gün həmçinin Tbilisinin Ortaçala rayonunda qardaş şəhərlərə həsr olunmuş yeni bağ açılıb.

Cəmilə BABAYEVA

Son xəbərlər

Orphus sistemi