Bakı. 10 noyabr. REPORT.AZ/ Nizami Kino Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən, Əlil və Qocalar Evinin sakinləri üçün “Axırıncı dayanacaq” bədii filminin nümayişi olub.
"Report" xəbər verir ki, İlqar Fəhminin ssenarisi əsasında rejissor Fikrət Əliyevin ironik komediya janrında çəkdiyi bu film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir.
Filmin quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı İbrahim Xəlil Əminov, icraçı prodüseri Ülvi Qasımovdur.
Rollarda xalq artistləri Fuad Poladov, Zemfira Nərimanova, Ağaxan Salmanlı, Tariyel Qasımov, Arif Quliyev, əməkdar artistlər Zemfira Sadıxova, Tofiq Hüseynov və başqaları çəkilib.
Filmdən sonra Əlil və Qocalar evinin direktoru Rəhnumə Cəfərova və təşkilatçı –könüllülər Nigar Bayramlı və Nurcan Baxşiyeva qocalar evinin sakinləri və öz adlarından kino mərkəzinin əməkdaşlarına təşəkkür edib və belə sosial aksiyaların mütəmadi keçirilməsini istəyiblər.