Yuxarı

"Hədəf Bakıdır" sənədli filminin Los-Ancelesdə premyerası keçirilib

Azərbaycanın Los-Ancelesdəki baş konsul Nəsimi Ağayev azərbaycanlıların ikinci Dünya müharibəsində göstərdikləri fədakarlıqlardan danışıb

Bakı. 18 may. REPORT.AZ/ Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın prodüserliyi ilə 2015-ci ildə çəkilən "Hədəf Bakıdır: Hitler neft uğrunda döyüşü necə uduzdu" sənədli filminin ABŞ-ın Los-Anceles şəhərində premyerası keçirilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan "Report"a verilən məlumata görə, premyera faşizm üzərində qələbənin 71 illiyinə həsr olunub. Tədbirdə çoxsaylı qonaqlar, o cümlədən, kimya üzrə Nobel mükafatı laureatı Arie Uorşel, müxtəlif ölkələrin baş konsulları və konsulluq əməkdaşları, Azərbaycan, yəhudi və digər icmaların fəalları, alimlər, eləcə də yerli KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ikinci Dünya müharibəsində ədalətin zəfər çalmasında Azərbaycan və azərbaycanlıların həm ön, həm də arxa cəbhədə misilsiz xidmətlərinin olduğunu vurğulayıb.

Müharibəyə gedən 700 min azərbaycanlıdan 400 mininin geri qayıtmadığını bildirən baş konsul, Azərbaycanın bu müharibədəki qurbanlarının sayının təxminən ABŞ-ın qurbanlarının sayına bərabər olduğunu qeyd edərək, bunun o vaxtkı Azərbaycan əhalisinin 10 faizini təşkil etdiyini söyləyib. Müharibənin qələbə ilə nəticələnməsində Azərbaycan xalqının rəşadəti və Bakı neftinin strateji rol oynadığını qeyd edən diplomat, bütün bunlardan bəhs edən filmin Heydər Əliyev Fondunun mühüm dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi sayəsində ərsəyə gəldiyini diqqətə çatdırıb. O bildirib ki, filmin yaradılmasında məqsəd Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq, onu böyüməkdə olan gənc nəslə və dünya ictimaiyyətinə çatdırmaqdır.

N.Ağayev, həmçinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasətindən danışaraq, Qarabağ müharibəsində Ermənistan ordusunun azərbaycanlılara qarşı törətdiyi cinayətlərin nasistlərin cinayətlərindən o qədər də fərqlənmədiyini, bəzi hallarda daha da dəhşətli olduğunu vurğulayıb.

Çıxışlardan sonra filmin nümayişi keçirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi