Afaq Bəşirqızının 60 illik yubileyi qeyd ediləcək

Afaq Bəşirqızının 60 illik yubileyi qeyd ediləcək Yubiley tədbiri noyabrın 7-də keçiriləcək
İncəsənət
2 Noyabr , 2015 19:27
Afaq Bəşirqızının 60 illik yubileyi qeyd ediləcək

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu il Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, xalq artisti, “Şöhrət” ordenli, milyonlarla tamaşaçının sevimlisi Afaq Bəşirqızının 60 yaşı tamam olub.

"Report" xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, noyabrın 7-də Dövlət Musiqili Teatrında Afaq Bəşirqızının 60 illik yubileyi ilə bağlı tədbir keçiriləcək.

Yubiley tədbiri çərçivəsində Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunacaq. Yubilyar Afaq Bəşirqızı günümüzün reallıqlarını əks etdirən, gülməli olduğu qədər də kədər doğuran “Toya bir gün qalmış” tamaşasında baş qəhrəmanı - Qadın obrazını canlandırır.

“60 yaş insan ömrünün müdriklik zirvəsidir. Xüsusilə də bütün həyatını sənətə həsr etmiş sənətkar üçün belə bir zirvədə olmaq ikiqat məsuliyyət hissi yaradır. Bu tədbir öncəsi çox həyəcanlıyam. Hesab edirəm ki, yubiley tədbirimdə xalqıma hesabat verəcəyəm. Mənim iştirakımla “Toya bir gün qalmış” tamaşası nümayiş olunacaq. Mənə elə gəlir ki, həmin gün ilk dəfə səhnəyə çıxacağam. Bütün sənət dostlarımı, sadiq, əziz tamaşaçılarımı noyabrın 7-də Musiqili Teatra dəvət edirəm”, - Afaq Bəşirqızı deyib. 

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru, əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Səmədova, rejissor assisenti Tamilla Aslanovadır.

Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı, əsas rolları əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Ruslan Mürsəlov, Hüseyn Əlili və başqaları ifa edir.

Gözlənilməz situasiyalarla dolu bu komediyada səslənən musiqiləri tanınmış qarmon ustası, xalq artisti Ənvər Sadıqov ifa edib. O, eyni zamanda tamaşanın musiqi rəhbəridir.

Yubiley gecəsində iştirak etmək istəyənlər biletləri şəhərin bütün kassalarından əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi