Yuxarı

ADU-da "Amerika Günləri Festivalı"nın açılış mərasimi keçirilib

Festival mayın 21-nə kimi davam edəcək

Bakı. 14 may. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksinin (İRK) Amerika Mərkəzində Amerika mədəniyyətinin müxtəlifliyinə həsr olunan və bir həftə ərzində davam edəcək "Amerika Günləri Festivalı"nın rəsmi açılış mərasimi keçirilib.

Bu barədə "Report"a ADU İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib. 

İlk olaraq tədbirdə Azərbaycan və Amerikanın dövlət himnləri səsləndirilib.

Tədbirdə "Amerika Günləri"nin məqsədinin Amerika mədəniyyətinin müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirmək və ölkələr arasındakı qarşılıqlı anlaşmanı genişləndirmək olduğu bildirilib. 

Festival çərçivəsində canlı musiqi ifaları, Amerika mətbəxi nümunələrinin nümayişi, incəsənət sərgiləri, qrup rəqsləri, film nümayişləri, uşaqlar üçün proqramlar və digər maraqlı tədbirlərin nəzərdə tutulduğu iştirakçıların diqqətinə çatdırılıb.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov səfirliklə birgə universitetdə tez-tez müxətlif bayramların, tədbirlərin keçirildiyini qeyd edib. O, ADU-da Amerika mərkəzinin fəaliyyət göstərdiyini bildirib və bu mərkəzdən amerikalı qonaqların, azərbaycanlı tələbələrin, eyni zamanda müəllimlərin də istifadə edə biləcəyini sözlərinə əlavə edib: "Festival birgə əməkdaşlığa, ölkələrarası münasibətlərin inkişafına töhfə verəcəyinə ümid edirəm". 

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta festivalın iki ölkə arasında körpü rolunu oynadığını vurğulayıb. 

İki hissədən ibarət tədbirin bədii hissəsində "Çovqan" və "Zirvə" rəqs qruplarının ifasında rəqslər və musiqi nömrələri nümayiş olunub.

Tədbir "Amerika Günləri" çərçivəsində "Amerikada mədəni müxtəliflik" mövzusunda əl işləri sərgisinə baxışla yekunlaşıb.

Qeyd edək ki, "Amerika Günləri Festivalı" Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən Amerika bəstəkarları Corc Qerşvin və Leonard Bernşteynin musiqilərinin səsləndirilməsi ilə başlayacaq. Festival mayın 21-i saat 16:00-da açıq havada konsert ilə yekunlaşacaq.

"Amerika Günləri"nə həsr olunan tədbirlər Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Filarmoniyası və Simfonik Orkestri, Dövlət Musiqi Teatrı, YARAT Müasir İncəsənət Məkanı, Muğam Mərkəzi, Azərbaycan Dillər Universiteti və müxtəlif yerli universitetlər ilə əməkdaşlıq çərçivəsində keçirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi