Yuxarı

​Şəbəkə mühitində bulud servislərinin sintezi üçün metod və alqoritmlər işləniləcək

AzScienceNet-də hostinq xidmətlərinin yaradılmasına qoyulan tələblərin işlənilməsi istiqamətində elmi-tədqiqatlar davam etdiriləcək

Bakı. 8 fevral. REPORT.AZ/ AMEA İnformasiya Texnologiyaları İnstitutunda bu gün 2016-cı il üçün fəaliyyət planı ilə bağlı tədbir keçirilib.

“Report” instituta istinadən xəbər verir ki, verilənlərin emalı mərkəzində yaddaş və hesablama resurslarının optimal paylanması üzrə metodların işlənilməsi, AzScienceNet elm kompüter şəbəkəsində “Enterprise Desktop Grid” xidmətlərinin yaradılması, bulud texnologiyalarında istifadəçilərin məlumatlarının yaddaş qurğularında dinamiki paylanması məsələləri, AzScienceCert-də toplanan məlumatlar əsasında təhlillərin aparılması, AzScienceNet-də hostinq xidmətlərinin yaradılmasına qoyulan tələblərin işlənilməsi istiqamətində elmi-tədqiqatlar davam etdiriləcək.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov rəhbərlik etdiyi şöbənin 2016-cı il üçün fəaliyyət planı ilə bağlı çıxışı zamanı bildirib. O qeyd edib ki, superkompüter texnologiyalarının mövcud vəziyyəti, inkişaf perspektivləri, onlarda həll olunan məsələlərin analizi və təhlillərin aparılması, şəbəkə mühitində bulud servislərinin sintezi üçün metod və alqoritmlərin işlənilməsi nəzərdə tutulur.

Elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işləri diqqətə çatdıran R.Ələkbərov “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” qrant layihəsi üzrə elmi-tədqiqatların davam etdiriləcəyini deyib: “Şəbəkənin infrastrukturunun İntellektual kommutatorlar əsasında yenidən qurulması, AzScienceNet üzərindən “ElmTV” İnternet televiziyasının monitorlar şəbəkəsinin yaradılması və istismarı, AMEA-nın elmi müəssisə və təşkilatlarının AzScienceNet-ə fiberoptik əlaqə kanalları vasitəsilə qoşulması, AzScienceNet-in analoji şəbəkələrlə (MDB ölkələri üzrə) müqayisəli təhlili və analizin aparılması işlərinin davam etdirilməsi planlaşdırılır. Eyni zamanda AzScienceNet-in texniki imkanlarının genişləndirilməsi məqsədilə yaddaş və hesablama resurslarının artırılması, şəbəkənin internetə çıxış sürətinin 400 Mbit/s-ə çatdırılması nəzərdə tutulur”.

Bununla belə, direktor müavini AzScienceNet üzərindən AMEA-nın Gəncə və Naxçıvan bölmələri üçün çoxnöqtəli distant tədris xidmətinin, İnternet üzərindən onlayn TV yayımının təşkili, AzScienceNet-də “Mutlimedia Qalereyası” sisteminin yaradılması və istismarı işləri, “Everest” və “BOİNC” platformaları əsasında paylanan hesablama sistemlərinin və s. ilə bağlı tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

R.Ələkbərov şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək tədbirlər haqqında məlumat verib.

Daha sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxışında şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim şəbəkə texnologiyalarının elmi-nəzəri əsaslarının dərindən araşdırılması, dünyada bu sahə üzrə müşahidə olunan tendensiyalar və beynəlxalq təcrübənin tədqiqi, mövcud vəziyyətin öyrənilməsinin vacibliyini qeyd edib.

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Sonda fəaliyyət planının institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi