Yuxarı

OECD: Məktəblərin İT təchizatı müvəffəqiyyət dərəcəsini artırmır

Məktəbdə internetdən ən yüksək səviyyədə istifadə edilən Avstraliya, Yeni Zelandiya, İsveç, İspaniya, Norveç və Danimarkada nəticələr zəif olub

Bakı. 22 sentyabr. REPORT.AZ/ Məktəblərdə siniflərin kompüter və texniki qurğularla təchiz edilməsi şagirdlərin akademik nəticələrini yaxşılaşdırmır. “Report” xarici mediaya istinadən bildirir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatında deyilir.

Alimlər informasiya texnologiyalarından istifadənin şagirdlərin müvəffəqiyyət göstəricilərinə təsir etməsini müəyyənləşdirmək məqsədilə 70-dən çox ölkədə araşdırma aparıblar. Hesabata görə, hər il dünyada məktəblərin texnoloji təchizatına 17,5 mlrd. funt sterlinq ayrılır. Bununla belə, məktəbdə vaxtının əksər hissəsini kompüter arxasında keçirən şagirdlər texniki vasitələrdən az istifadə edən şagirdlərdən pis oxuyurlar.

Məktəbdə internetdən ən yüksək səviyyədə istifadə edilən 7 ölkə arasında 3 ölkədə (Avstraliya, Yeni Zelandiya və İsveç) şagirdlər oxu üzrə aşağı nəticələr nümayiş etdiriblər. Daha üç ölkədə (İspaniya, Norveç və Danimarka) məktəblilərin müvəffəqiyyət dərəcəsi zəif olub.

Cənubi Koreya və Çinin yüksək effektivli məktəb sistemləri tədris prosesində kompüterlərdən daha az yararlanır. Bununla yanaşı, texniki vasitələrin çox istifadə olunduğu Sinqapurda şagirdlər rəqəmli texnologiyalarla işləməyi daha yaxşı bacarırlar.

Bundan əlavə, internetin nisbətən az istifadə olunduğu ölkə və şəhərlər arasında Cənubi Koreya, Şanxay, Honkonq və Yaponiya məktəblərinin şagirdləri beynəlxalq testlər üzrə yaxşı nəticələr nümayiş etdiriblər.

OECD-in təhsil proqramları direktoru Andreas Şleyxin sözlərinə görə, informasiya texnologiyaları müəllimləri həvəsləndirsə də, onlara bəslənən ümidlərin çoxu özünü doğrultmayıb.

Qeyd edək ki, müxtəlif tədqiqatlara görə, məktəblərdə müvəffəqiyyət dərəcəsinin aşağı düşməsinə bir neçə amil, o cümlədən SMS-bildirişlər və sosial şəbəkələrə aludəçilik təsir göstərir. Akademik müvəffəqiyyət dərəcəsini yaxşılaşdırmaq üsulları arasında alimlər məşğələlərin daha gec başlaması və dərslərin ayaq üstdə keçirilməsi kimi təkliflərlə çıxış ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi