Bakı. 24 iyun. REPORT.AZ/ “Elektron hökumət” portalına yeni elektron xidmət inteqrasiya olunub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, bu xidmət vasitəsilə dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün DSMF-nin departamentləri, rayon şöbələri, Naxçıvan Muxtar Respublikası DSMF-nin rayon şöbələrinə müraciət edilir.
Fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulan interaktiv növlü e-xidmət ödənişsiz həyata keçirilir.
Sözügedən elektron xidmətin “Elektron hökumət” portalına inteqrasiya olunması ilə portalda təqdim olunan xidmətlərin sayı 421-ə, DSMF-nin portaldakı xidmətlərinin sayı isə 13-ə çatıb.