Yuxarı

“Bakcell” abunəçiləri fakturasız xətt tarif paketlərindən fakturalı xətt tarif paketlərinə keçə biləcəklər

Şirkət yaxın gələcəkdə bu prosesə yeni tarif paketlərini əlavə edəcək

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti sentyabrın 26-dan etibarən abunəçilərinə fakturasız xətt tarif paketlərindən fakturalı xətt tarif paketlərinə keçid imkanı təklif edəcək.

Bu barədə "Report"a Şirkətdən bildirilib.

Məlumata görə, abunəçilərə zəng ediləcək, onlara aylıq abunə haqqı olan tarif paketlərindən biri təklif ediləcək və müştərilər yalnız onlara təklif olunan tarif paketinə keçid edə biləcəklər. Bu imkan yalnız “Bakcell”dən zəng qəbul etmiş abunəçilər üçün yaradılacaq. Bu keçidlə bağlı abunəçidən hər hansı müqavilə imzalamaq və ya keçid haqqı ödəmək tələb olunmur. Abunəçi fakturasız xətdəki tarif paketindən fakturalı xətdəki tarif paketinə keçidi özünün keçid ediləcək nömrəsinə gələn SMS-ə verəcəyi cavab SMS-i vasitəsilə təsdiq edəcək.

Tarif paketlərinin keçidi zamanı abunəçiyə təqdim olunan məlumata əsasən həmin nömrədə abunəçinin qəbul etdiyi tarif paketinin aylıq abunə haqqı həcmində və əlavə olaraq 10 manat məbləğində kredit limiti ayrıla bilər.

Tarif paketlərinin keçidi bu qaydada baş tutacaq: Abunəçiyə “Bakcell”in (055) 6199964 nömrəsindən zəng ediləcək və abunəçiyə fakturalı xətdəki aylıq abunə haqqı 9 manat, 15 manat, 25 manat, 50 manat və ya 85 manat olan tarif paketlərindən birinə keçid etmək təklif olunacaq. Abunəçi razılıq verdiyi təqdirdə, onun razılığını təsdiq etmək üçün abunəçinin nömrəsinə təklif olunan tarif paketinə uyğun aşağıda qeyd olunan nömrələrdən müvafiq SMS göndəriləcək, 9 manat aylıq abunə haqqı olan tarif paketi üçün 5116 nömrəsindən: 15 manat aylıq abunə haqqı olan tarif paketi üçün 5117 nömrəsindən; 25 manat aylıq abunə haqqı olan tarif paketi üçün 5118 nömrəsindən; 50 manat aylıq abunə haqqı olan tarif paketi üçün 5119 nömrəsindən; 85 manat aylıq abunə haqqı olan tarif paketi üçün 5120 nömrəsindən. Abunəçi razı olduğunu təsdiq etmək üçün müvafiq nömrədən gələn SMS-ə “1” yazıb göndərməlidir, təsdiq SMS-i göndərdikdən bir neçə dəqiqə sonra mövcud tarif paketinin dəyişdirilməsi baş verəcək.

Qeyd edək ki, abunəçi müvafiq keçiddən sonra istədiyi zaman “Bakcell”in müştəri xidmətlərinə yaxınlaşıb müvafiq sənədləri təqdim etmək və müvafiq xidmət haqqını ödəmək şərtilə fakturasız xəttə geri qayıda bilər. Şirkət yaxın gələcəkdə bu prosesə yeni tarif paketlərini əlavə edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi