​Azərbaycanda telefon borcunu onlayn öyrənmək mümkündür

​Azərbaycanda telefon borcunu onlayn öyrənmək mümkündür Bunun üçün "Elektron hökumət" portalına daxil olmaq lazımdır
İKT
28 Avqust , 2015 12:31
​Azərbaycanda telefon borcunu onlayn öyrənmək mümkündür

Bakı. 28 avqust. REPORT.AZ/ Artıq rabitə xidmətlərinə görə borcun olub-olmaması haqqında arayışı əldə etmək üçün telefon qovşaqlarına müraciət etməyə ehtiyac yoxdur. Belə ki, "Elektron hökumət" portalının (www.e-gov.az) təqdim etdiyi "Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış" elektron xidmətindən istifadə edərək rabitə xidmətlərinə görə borc barədə arayışı onlayn formalaşdırmaq mümkündür.

Bu barədə "Report"a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilir.

"Bunun üçün "Elektron hökumət" portalına girişinizin (kod/parol) olması kifayətdir. Təqdim olunan elektron arayışda sənədin nömrəsi, verilmə tarixi, vətəndaşın tam adı, qeydiyyatda olduğu ünvan, ünvanda qeydiyyatda olan telefon nömrəsi və hansı tarixə rabitə borcun olmaması barədə məlumat öz əksini tapacaq", - deyə Nazirlikdən qeyd ediblər.

Arayışın həqiqiliyi QR-kod və ştrix kod ilə təsdiqlənir, mövcudluğu isə portal üzərindən "Elektron arayışların yoxlanılması" xidməti vasitəsilə yoxlanıla bilər.

Qeyd edək ki, ötən ay ərzində "Elektron hökumət" portalı vasitəsilə "Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış" elektron xidmətindən 1 064 dəfə istifadə edilib.

Son xəbərlər

Orphus sistemi