Yuxarı

​Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində elmi-praktiki seminar keçirilib

Seminar iştirakçıları 2-5 aprel 2016-cı il döyüş əməliyyatlarına həsr olunmuş videoçarxlara baxıblar

Bakı. 18 may. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Silahlı Qüvvələr şəxsi heyətinin və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyətin əhəmiyyəti" mövzusunda elmi-praktiki seminar keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev giriş nitqi söyləyərək seminarı açıq elan edib.

İyirmi dörd il öncə Laçının işğal edilməsi barədə ətraflı məlumat verilib. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani "Silahlı Qüvvələr şəxsi heyətinin və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyətin əhəmiyyəti" mövzusunda geniş məruzə ilə çıxış edib.

Prezident Administrasiyası İctimai-Siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev, Respublika Veteranlar Təşkilatının sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, ənclər və İdman Nazirliyinin Vətənpərvərlik və Vətəndaşlıq Tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Silahlı Qüvvələr Hərbi Akademiyasının baş müəllimi, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, millət vəkili, iqtisad elmləri doktoru, professor Xanhüseyn Kazımlı və digər qeyri-hökumət təşkilatlarının nümayəndələri müxtəlif mövzularda çıxış edərək bu cür seminarların Silahlı Qüvvələrin şəxsi heyətinin və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb edəcəyini bildiriblər.

Seminar iştirakçıları bir qrup şəhid ailəsinə Azərbaycan Respublikası Prezidentinin sərəncamı və müdafiə nazirinin əmri ilə ölümlərindən sonra övladlarının layiq görüldükləri medalların təqdimetmə mərasimində iştirak edib və 2-5 aprel 2016-cı il döyüş əməliyyatlarına həsr olunmuş videoçarxlara baxıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi