Yuxarı

Prezident İlham Əliyev Müdafiə Nazirliyi Hərbi-Hava Qüvvələrinin hərbi şəhərciyində yaradılan şəraitlə tanış olub

Müdafiə naziri Zakir Həsənov dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verib

Bakı. 11 noyabr. REPORT.AZ/ Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N hərbi hissəsinin hərbi şəhərciyində yaradılan şəraitlə tanış olub. "Report"un xəbərinə görə, müdafiə naziri Zakir Həsənov dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev hərbi şəhərciyin baş planı ilə tanış olub. Məlumat verilib ki, ərazidə əsgər yeməkxanası, yataqxanası, anqarlar, təlim-məşq sinfi, tibb məntəqəsi inşa olunub. Hərbi hissənin ərazisində qarovul binası, komanda məntəqəsi, qazanxana, elektrik yarımstansiyası yaradılıb. Burada tikinti işlərinə 2014-cü ilin aprelində başlanılıb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb, əsgər və zabitlərin istirahəti üçün güşələr yaradılıb.

Dövlət başçısı əsgər yeməkxanasında yaradılan şəraitlə tanış olub.

Sonra Ali Baş Komandan əsgər yataqxanasında olub. Yataqxananın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin əsgər və zabitlərlə görüşlərini əks etdirən fotostend yaradılıb. Dövlət başçısının diqqətinə çatdırılıb ki, bütün ərazi tam mühafizə olunur və nəzarətdədir. Quraşdırılan xüsusi kameralar kənar şəxslər əraziyə daxil olarkən həmin istiqamətə yönəlir və avtomatik siqnalizasiya işə düşür. Əsgər yataqxanasında ideoloji, məişət xidməti və yataq otaqları ən müasir səviyyədə qurulub. Yataqxanada əşya anbarları, hamam və digər zəruri otaqlar var.

Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N hərbi hissəsinin hərbi şəhərciyində yaradılan şərait bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca hərbi sahənin daha da müasirləşdirilməsi, əsgər və zabitlərin xidmət şəraitlərinin yaxşılaşdırılması, onların hərbin sirlərinə dərindən yiyələnmələri istiqamətində mühüm layihələr yerinə yetirilir.

Prezident İlham Əliyevə texnika parkı haqqında da məlumat verilib. Buradakı müasir texnikalar döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadirdir. Parkda, həmçinin texnikaya texniki xidmət, təmir və yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir.

Sonra Ali Baş Komandan hərbi hissənin raket anbarına baxıb. Dövlət başçısı S-300 PMU-2 Favorit Zenit Raket Briqadasına baxış keçirib, şəxsi heyətin praktiki fəaliyyəti və döyüş növbətçiliyi ilə tanış olub.

Prezident İlham Əliyevə anbar, raketlər və raketlərin döyüş mövqeyinə daşınması üçün nəzərdə tutulan texnikalar barədə də məlumat verilib.

Dövlət başçısı bu il sentyabrın 15-də cəbhənin Ağdam istiqamətində Ermənistanın hərbçiləri tərəfindən məhv edilmiş X-55 pilotsuz uçan aparatının qalıqlarına baxıb.

Ali Baş Komandana Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin bir sıra hərbi texnikası barədə məlumat verilib. Bildirilib ki, döyüşün idarəetmə məntəqəsi də ən müasir hərbi avadanlıqla təchiz edilib.

Dövlət başçısı təlim-məşq kompleksi ilə tanış olub. Kompleksdə döyüş növbətçiliyinin aparılmasının təşkili, şəxsi heyətin döyüş texnikası ilə işləmə səriştələri yoxlanılır.

Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan raketlərin start mövqeyinə gəlib, burada atıcı qurğulara baxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi