Yuxarı
    Bağlamaq

    NATO Qərargahında Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü qeyd edilib

    Qonaqlara I Avropa Oyunları ilə bağlı simvolik hədiyyələr təqdim olunub

    Bakı. 26 iyun. REPORT.AZ/ Silahlı Qüvvələrin yaranmasının 97-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi və onun tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi tərəfindən Brüssel şəhərində yerləşən NATO Mənzil Qərargahında rəsmi ziyafət keçirilib. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Tədbirdə dövlətlərin NATO yanındakı səfirləri, diplomatik korpusun digər üzvləri, NATO-nun Hərbi Komitəsinə akkreditə olunmuş ölkələrin Hərbi Nümayəndələri, NATO-nun Beynəlxalq Katibliyi, Beynəlxalq Hərbi Qərargahının nümayəndələri, NATO-nun idarə və agentliklərinin üzvləri, NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığı (SHAPE) Qərargahının hərbi rəsmiləri iştirak ediblər.

    Mərasimdə qonaqlara Azərbaycan Silahlı Qüvvələrinin yaranması, inkişafı tarixi və beynəlxalq sülhməramlı əməliyyatlara töhfəsi barədə məlumat verilib. Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında inamlı tərəfdaş olması xüsusi qeyd edilib.

    Qəbul zamanı Azərbaycan və onun Silahlı Qüvvələri barədə, həmçinin hazırda Bakıda keçirilən I Avropa Oyunlarına dair video materiallar nümayiş etdirilib, qonaqlara Azərbaycan mətbəxinin nümunələri və I Avropa Oyunları ilə bağlı simvolik hədiyyələr təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi