Yuxarı

Müdafiə sənayesi naziri: "Hazırda 10-dan çox ölkəyə Azərbaycanın istehsalı olan müdafiə təyinatlı məmulatlar ixrac olunur"

Müdafiə sənayesi naziri: "Hazırda 10-dan çox ölkəyə Azərbaycanın istehsalı olan müdafiə təyinatlı məmulatlar ixrac olunur"
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 2017-ci ilin birinci yarımilinin yekunlarına dair səyyar kollegiya iclası keçirilib

Bakı. 31 iyul. REPORT.AZ/ "Ölkə prezidentinin tapşırığına əsasən idxalının yerli istehsalla əvəzlənməsi məqsədi ilə respublikanın müvafiq qurumlarının sifarişləri əsasında illik istehsal gücü 3000 ədəd olan “Dalma” tipli dərinlik su nasoslarının müəssisədə istehsalı sahəsi yaradılıb və məmulatın istehsal edilərək sifarişçilərə təhvil verilməsinə başlanılıb".

"Report"un xəbərinə görə, bunu Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 2017-ci ilin birinci yarımilinin yekunlarına dair səyyar kollegiya iclasında kollegiyanın sədri, nazir Yavər Camalov bildirib.

O qeyd edib ki, hesabat dövründə nazirliyin qarşısında duran əsas prioritet məsələlərdən biri də dünyanın inkişaf etmiş ölkələrinin hərbi sənaye kompleksinə daxil olan şirkət və firmalarla mövcud əməkdaşlıq əlaqələrinin davam etdirilməsi və yeni əlaqələrin yaradılması olub. Bu istiqamətdə aparılan danışıqların nəticəsidir ki, bu gün Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan milli məhsullar beynəlxalq müdafiə sərgilərində nümayiş etdirilir. Belə sərgilərdən biri də cari ilin may ayında Türkiyədə keçirilən “İDEF-2017” XIII Beynəlxalq müdafiə sənayesi sərgisi olub. Bu sərgidə Müdafiə Sənayesi Nazirliyi 260 adda müdafiə və xüsusi təyinatlı məmulatla təmsil olunmuşdur.

Ölkədə ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsalla əvəzlənməsi ilə bağlı Müdafiə Sənayesi Nazirliyində də məqsədyönlü işlər aparılır. Bu gün nazirliyin müəssisələrində yaradılan və istehsal olunan xüsusi təyinatlı məhsullarlardan - döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, pilotsuz uçuş aparatlarının, zirehli texnikaların və s. ixracı həyata keçirilir. Hazırda 10-dan çox ölkəyə Azərbaycanın istehsalı olan müdafiə təyinatlı məmulatlar ixrac olunur.

Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elmi müəssisələrinin potensialından istifadə etməklə bir sıra elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla həyata keçirilir.

Nazirliyin Elmi-Tədqiqat İnstitutunda (ETİ) 2017-ci ildə yerinə yetirilməsi nəzərdə tutulan 31 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilir. Eləcə də, Milli Aerokosmik Agentliyi tərəfindən (MAKA) cari ildə yerinə yetirilməsi nəzərdə tutulan 34 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri aparılır.

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini yüksək ixtisaslı kadrlarla təmin etmək məqsədilə Azərbaycan Texniki Universitetində yaradılan “Xüsusi texnika və texnologiyalar” fakültəsini bu il bitirmiş məzunlardan 54-ü nazirliyin müəssisələrində işlə təmin edilib.

Kollegiya iclasında nazirliyin birlik və müəssisələrinin rəhbərlərinin hesabatları dinlənildi və müəssisələrin fəaliyyətləri müzakirə edilib.

Nazir hesabat dövründə tabeli birlik və müəssisələr tərəfindən görülən işləri müsbət qiymətləndirdiyini bildirib.

Sonda nazir Yavər Camalov ölkənin müdafiə sənayesinin Prezident İlham Əliyevin hər zaman diqqətində olduğunu bir daha xatırlatdı və sahənin inkişafı ilə bağlı dövlət başçısı tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi