Yuxarı

Müdafiə naziri Pakistanın Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri ilə görüşüb

Əvvəl təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib

Bakı. 1 mart. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri general Rəşad Mahmud ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

General R.Mahmudun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşların məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyub.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himni səsləndirilib və protokola uyğun olaraq "Şərəf Kitabı" imzalanıb.

Azərbaycanın Müdafiə naziri ilə Pakistan Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri arasında əvvəl təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq ölkələr arasında ənənəvi mehriban dostluq və qardaşlıq münasibətlərinin, strateji tərəfdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Azərbaycanın müharibədən əziyyət çəkməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verərək Pakistanın Azərbaycanın mövqeyini beynəlxalq təşkilatlarda dəstəkləməklə xalqın haqq işinə kömək etməsinə hazır olmasını xüsusi qeyd edib.

General-polkovnik Zakir Həsənov Pakistan ilə təhlükəsizlik, müdafiə, hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın inkişafının vacibliyi, əlaqələrin daha da dərinləşdirilməsi və ekspert qrupları səviyyəsində qarşılıqlı səfərlərin təşkil edilməsi barədə fikirlərini də diqqətə çatdırıb.

Azərbaycana səfərdən məmnunluğunu ifadə edən general R.Mahmud Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.

Tərəflər Azərbaycan ilə Pakistan arasında döyüş hazırlığı, birgə təlimlərin keçirilməsi, terrorizmə qarşı mübarizədə müştərək əməkdaşlığın, eləcə də hər iki ölkənin Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri arasında əlaqələrin artırılmasının vacibliyini də xüsusi vurğulayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi