Yuxarı

Müdafiə naziri: "İnanıram ki, hər an işğal olunan torpaqların azad edilməsi naminə döyüşə hazır olacaqsınız"

Zakir Həsənov Müstəqillik Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib. Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təbrikdə deyilir:

"Yoldaş zabitlər, gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər və matroslar!

Sizi 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir. Əldə edilmiş müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında regionun lider dövləti kimi beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkədə iqtisadiyyatın dinamik inkişafı təmin edilib, əhalinin həyat səviyyəsi yaxşılaşıb, respublikanın müdafiə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunub və müstəqilliyimiz daha da möhkəmlənib.

İnanıram ki, siz silah və texnikanın sirlərini dərindən mənimsəyəcək, bilik və bacarığınızı, ata və babalarımızın qəhrəmanlıq nümunələrindən bəhrələnərək döyüş qabiliyyətinizi daha da artıracaq, hər an dövlət müstəqilliyimizin qorunması və işğal olunmuş torpaqlarımızın azad edilməsi naminə döyüşə hazır olacaqsınız.

Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, təlimlərdə, döyüş hazırlığında uğurlar arzulayıram".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi