Yuxarı

Hərbi ekspert: Dünya artıq qətiyyətli qərarlar qəbul edən Azərbaycan zabitlərinin yetişdirildiyinin şahidi oldu

Şəxsi heyət nizamnamələrin tələblərinə uyğun olaraq sərt idarə edilməklə yanaşı yüksək qayğı ilə əhatə olunmuşdur

Bakı. 14 sentyabr. REPORT.AZ/ Müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşmış və qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək qabiliyyətinə malikdir. Vahid komandanlığa tabe olan və bir mərkəzdən idarə edilən müasir tələblərə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır.

Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. O qeyd etmişdir ki, “Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Güclənən Azərbaycan və qüdrətli Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri düşmənlərimiz üçün daim qorxu mənbəyidir və bu qorxunu aradan qaldırmaq üçün, sadəcə olaraq, Ermənistan beynəlxalq hüquq normalarına əməl etməlidir və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Ermənistan tərəfi bu fikirlərə uzun müddət ərzində bir təbliğat kampaniyasının tərkib hissəsi kimi yanaşırdı. Elə bu məntiqlə də aprelin 1-dən 2-nə keçən gecə növbəti hərbi avantüraya əl atdı və layiqli cavabını aldı.”

Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən mütəmadi olaraq müdafiə naziri Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığını yoxlayır. Xüsusilə, komandirlərin döyüş şəraitinə yaxınlaşmış təlimlər zamanı düzgün müstəqil qərarlar qəbul etmələri rəhbərliyin diqqət mərkəzindədir. 4 günlük müharibədə döyüş əməliyyatları zamanı komandirlərin məharətlə doğru qərarlar qəbul etmələri yeni nəsil komandir və rəis heyətinin yetisdiyini bir daha göstərdi. Hal-hazırda müdafiə naziri tərəfindən Silahlı Qüvvələrin Baş Qərargahı qarşısında qoyulmuş tapşırıqlar tam həcmdə və yüksək keyfiyyətlə yerinə yetirilir. Hazırlanmış əməliyyat planlarının yüksək keyfiyyətlə yerinə yetirilməsinə aprel döyüşləri bariz nümunədir.

Zakir Həsənovun apardığı islahatların nəticəsində Ordumuzdakı mənəvi-psixoloji mühit dəyişmiş, bütün hərbi hissələrdə hər bir hərbi qulluqçunun dərk edərək əməl etdiyi ciddi nizam-intizam yaranmışdır. Şəxsi heyət nizamnamələrin tələblərinə uyğun olaraq sərt idarə edilməklə yanaşı yüksək qayğı ilə əhatə olunmuşdur.

Bunun nəticəsidir ki, 2-6 aprel 2016-cı il tarixlərində Azərbaycan Ordusunun apardığı ədalətli müharibə tariximizə 4 günlük müharibə kimi daxil oldu. Həyata keçirilən bu qısa müddətli əkshücumun iştirakçıları, rəhbər heyət, istifadə olunan döyüş texnikalarının növləri və miqdarı, keçirilən əməliyyatların və s. Detalları məxfi xarakter daşıdığından Azərbaycan Qanunlarına hörmətlə yanaşaraq onları açıqlamıram. 4 günlük müharibə göstərdi ki, Azərbaycan hərbi cəhətdən Ermənistandan ciddi keyfiyyət üstünlüyünə malikdir. Bu Azərbaycan üçün tam olmasa da, qismən düşmən üzərində həm hərbi, həmdə siyasi qələbədir.

Azərbaycan ordusunun tam qələbəsinin təmin edilməsi üçün düşmənin 20 ildən çox tikərək möhkəmlətdiyi «ohanyan səddinin», əslində isə «Ohanyan dairəsinin» dağıdılması, qoşunların təmas xəttində eşalonlar üzrə qurulmuş mühəndis istehkam qurğularının dağıdılması və təbii şəraitə və yerli relyefə görə uyğun olaraq əldə etdikləri üstünlüklərin itirilməsi Erməniztanın işğalçı rejiminə ağır zərbə oldu. Hər halda Azərbaycan ordusu tanınmamış DQR Müdafiə ordusunun, əslində isə Ermənistan ordusunun möhkəmləndirilmiş çoxqatlı müdafiə xəttini bəzi sahələrdə yara bildilər.

Azərbaycan Ordusu təmas xəttinin şimal-şərq hissəsində təxminən təkcə Talış kəndi istiqamətində 7 milyon kvadratmetr ərazini işğaldan azad edib. Hakimiyyət 100-200 metr ərazidən danışırlar, amma bu yalandır. Faktiki itkilər daha böyükdür”. Bu barədə Ermənistanda “Şuşa batalyonunu döyüşçülərinin ittifaqı” İctimai Birliyinin sədri Jurayr Sefilyan deyib. Talış yüksəkliyinin bizim ordumuzun nəzarətinə keçməsi Tərtər, Goranboy və Ağdərə istiqamətlərində, Madagiz kəndi və Sərsəng su anbarı istiqamətlərinə nəzarət etməyə imkan yaradır. Talış yüksəkliyi isə çox strateji yüksəkilikdir. Həmin yüksəklikdən Ağdərə şəhəri, Madagiz kəndi, Sərsəng su anbarı və Gülüstan istiqamətlərində düşmənin açıq və gizli hərəkətlərinə nəzarət etməyə imkan yaradır. Talış yüksəkliyinin bizim nəzarətimizdə olması ordumuzun sabah çox asanlıqla Ağdərəni və ətraf bölgələrini işğaldan azad etməsinə imkan yaradacaq. Həmçinin, Talış yüksəkliyi Tərtər və Goranboy rayonlarının, Naftalan şəhərinin əhalisinin, eyni zamanda Yevlax-Gəncə yolunun təhlükəsizliyini tam təmin edir.

Azərbaycan ordusu Lələtəpə yüksəkliyi vasitəsi ilə Horadiz şəhərinin, Füzuli rayonunun ətraf ərazilərin təhlükəsizliyini tam təmin etmək imkanı verir. Həmçinin Lələtəpə yüksəkliyi bizim Ordumuz aktiv fəaliyyətə keçdikdə çox asanlıqla işğal altında olan Cəbrayıl və Füzuli, Zəngilan, Qubadlı rayonlarının işğaldan azad edilməsinə zəmin yaradacaqdır.

Qeyd edilməli əsas amillərdən biri də budur ki, 4 günlük müharibə zamanı gedən döyüşlərdə Azərbaycan ordusunun ehtiyatları cəlb edilməmişdir. Döyüşlər ancaq ön xəttdə döyüş növbətçiliyi aparan hərbi hissələrimizin gücü ilə aparılmışdır. Ordunun ehtiyatlarının irəliyə çəkilməsinə və səfərbərlik elan edilməsinə ehtiyac olmamışdır. Bu döyüşlərdə yalniz korpus komandirlərinin tabeliyində olan uzaqmənzilli artilleriyadan, aviasiya, tank və yaylım atəş sistemlərindən, digər xüsusi təyinatlı bölmələrdən istifadə olunmuşdur. Mərkəzə tabe olan digər qoşun növləri və qoşun ehtiyyatı cəlb olunmamışdır.

Azərbaycan son illərdə istehsal etdiyi müxtəlif müasir silahları döyüş təyinatı üzrə istifadə etdi. Bu döyüşlər müasir silahların istifadə edilməsi üçün bizim orduya böyük döyüş təcrübəsi verdi. Döyüşlərdə Azərbaycan istehsalı olan silah–sürsatlar istifadə olundu. Real döyüşlərdə onların keyfiyyəti, üstünlükləri və qüsurları müəyyən edildi.

Hörmət və ehtirama layiq olan Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun daim cəbhənin ön xəttində olaraq birlikdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarının yerinə yetirilməsi istiqamətində əzmlə çalışmalarıdır. Zakir Həsənov sələfindən fərqli olaraq Ordunu isti kabinetdən idarə etmir. Onun Talış istiqamətində Azərbaycan bayrağını ucaldan yaralanmış əsgərin qanlı əllərindən öpməsi xəbəri bütün orduya və Azərbaycan xalqına ildırım sürəti ilə yayildı və ona olan hörməti birə min artırdı.

Xatırlayıram ki, 1995-ci ilin may ayınadək zabitlər vəzifələrə bacarıqlarına və döyuşlərdəki şücaətlərinə görə təyin olunurdular. Həmin dövrdə kadrların təyinatında bilavasitə Nəcməddin Sadıkovun böyük rolu var idi. Son 3 ildə bu gözəl ənənə bərpa olunub. Zabitlər, komandir və rəis heyyəti vəzifələrə Vətənə sədaqətinə, göstərdikləri şücaətlərə və bacarıqlarına görə təyin olunurlar. Məhz ona 1993-cü ilin iyun ayında baş verən Gəncə qiyamından (Sürət Hüseynov hadisələri) sonra ulu öndər Heydər Əliyev vahid komandanlığa tabe olan Vətəninə, Dövlətinə və Ali Baş Komandanına sadiq olan Azərbaycan Ordusunu yaratmağı həvalə etdi. Nəcməddin Sadıkov 1993-cü ilin iyul ayından 1993-cü ilin noyabr ayınadək bu missiyanı şərəf və ləyaqətlə yerinə yetirdi. Ərazi özünümüdafiə batalyonları və qanunsuz hərbi dəstələr çətinliklə də olsa qısa müddətdə ləğv olunaraq vahid komandanlığa tabe olan Azərbaycan Ordusu yaradıldı. Bundan sonra mərhum prezidentimiz-ulu öndər Heydər Əliyev tərəfindən Nəcməddin Sadıkovun əməyi yüksək qiymətləndirildi və o Ordunun rəhbərliyinə gətirildi.

Əlamətdar hal budur ki, bu gün Müdafiə Nazirliyinin rəhbər heyəti tandem yaradaraq, bir-birini başa düşərək, bir-birinə hörmətlə yanaşaraq Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqların üzərində böyük əzmlə çalışırlar. Onların belə davranışı Ordumuzda sağlam ruhlu, döyüş qabiliyyətli möhkəm hərbi kollektivlərin yaranmasının təməlini təşkil edir. Bu proses uğurla davam edir. Yeni nəsl Azərbaycan zabitlərinin-komandir və rəis heyyətinin keyfiyyətləri göz qabağındadır. Onların əsas göstəriciləri yüksək komandir xüsusiyyətlərinə malik olmaları, gözlənilməz situasiyalarda ədalətli və düzgün qərarlar qəbul etmələridir. Müdafiə nazirliyinin rəhbərliyi komandir və rəis heyyətinin peşəkarlığının artırılması üzərində daim işləyir. Bu hadisə Vətənimizi, Xalqımızı və Ordumuzu sevən hər kəsin ürəyini açmalıdır. Qeyd edilənlər təkcə sözlər deyil, həm də əməllərdir. Aprel döyüşlərində biz Mais Bərxudarov, Hikmət Mirzəyev, Xəqani Cəbrayılov və s. kimi zabitlərimizin Ali Baş Komandan və Müdafiə Naziri tərəfindən qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi üçün təşəbbüs göstərərək döyüş şəraitinə uyğun düzgün qərarlar qəbul etmələrinin şahidi olduq.

Xatırlayıram ki, Səfərbala Əbiyevin dövründə düşmənlə təmas xəttində xidmət edən bir çox generallar və zabitlər düşmənə qarşı sərt davrandıqlarına və göstərdikləri təşəbbüslərə görə cəzalandırılmışdılar. Təsəvvür edin ki, düşmənə atılan güllələrə görə Əbiyev araşdırmalar təyin etdirərək güllərin pulunu əsgərlərimizin, tağım, bölük, hətta tabur komandirlərinin maaşlarından tutdururdu. Onlar yersiz cəzalandırılırdılar, hətta alçaldılırdılar. Əminəm ki, bunu düşmənlə təmas xəttində xidmət edən bütün zabitlərimiz və o dövrdə xidmət etmiş, indi ehtiyyatda olan əsgərlərimiz təsdiq edərlər. Amma Zakir Həsənovun dövründə hərbi xidmətə yanaşma kökündən dəyişmişdir.

Aprel döyüşlərinin yekununa görə bir nəfər zabit-komandir və rəis heyyəti cəzalandırılmadı. Əksinə Zakir Həsənov öz çıxışında qeyd etdi ki, aprel döyüşləri 1994-cü ildən sonra keçirilən ilk real döyüş idi. Əlbəttə, bu döyüşlər zamanı səhvi olan zabitlər də oldu. Lakin biz onları cəzalandırmayacağıq. Onlara yol verdikləri səhvlərin üzərində işləməyə şərait yaradacağıq ki, onlar gələn döyüşlərdə səhvə yol verməsinlər. Baxın, bu əsl general və layiqli komandir hərəkətidir. Bu gün Müdafiə Nazirliyinin mərkəzi aparatında, Silahlı Qüvvləlrin Baş Qərargahında, Qoşun növlərinin və Korpusların idarə heyətində xidmət edən zabitlərin döyüş qabiliyyətinin artırılması üzrə daim işlər aparılır. Zabitlərə komandirlərin döyüşdəki vəzifələri tam həcmdə öyrədirlir, onlara döyüş tapşırığını yerinə yetirərkən təşəbbüskar olmaları, döyüş şəraitinə uyğun düzgün qərarlar qəbul etmələri və döyüş tapşırığını yerinə yetirərkən şəxsi nümunə göstərmələri aşılanır. Zabitlərin hər biri Ordu rəhbərliyinin onları başa düşəcəyinə, rəhbərliyin onlara daim dəstək olacaqağına inanırlar və döyüş tapşırıqlarını tam həcmdə yerinə yetirmək üçün daim hazırdırlar. Bu da ölkə Prezidenti-Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmr və tapşırıqlarına əsasən Ordumuzu qələbəyə aparan əsas amillərdəndir.

Aprel döyüşləri sübut etdi ki, Azərbaycan Respublikasının Prezidenti-Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Zakir Həsənovun Azərbaycanın Müdafiə Naziri vəzifəsinə təyin edilməsi çox düzgün seçimdir. O, nazir təyin olunduqdan sonra Müdafiə Nazirliyi sistemində köklü dəyişiklər edildi. Artıq keyfiyyətli dəyişiliklər göz qabağındadır. Köhnə problemlərin həllinə kosmetik və ya yarımçıq yanaşma deyil, köklü dəyişiliklər edilməkdədir. Qısa müddət ərzində cəmiyyətimizin çoxdan gözlədiyi və düşmənlərimizi ciddi qorxuya salan addımlar atıldığının şahidi olduq.

Aparılan kadr islahatları nəticəsində əsl peşəkarlar layiqli yerlərini tutaraq öz bacarıqlarını və iş qabiliyyətini nümayiş etdirirlər. Artıq hər zabitə real nəticələr əldə etmək və nəyə qadir olduğunu göstərməyə imkan yaradılıb. Dünya artıq qətiyyətli, döyüş şəraitini düzgün qiymələndirən və müstəqil qərarlar qəbul edən yeni nəsl Azərbaycan zabitlərinin yetişdirildiyinin şahidi oldu. Real döyüşlər onlar üçün həm bir sınaq, həm də şücaət və yetkinlik məktəbi oldu.

Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı yüksək səviyyədə olduğunu düşmən tərəf də etiraf etdi. Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Azərbaycan ordusu bu gün ən müasir texnika və silahlarla təmin olunub. Azərbaycan Cənubi Qafqazda ən güclü silahlı qüvvələr formalaşdırmaqla regionda öz mövqelərini möhkəmləndirib. Azərbaycanın güclü silahlı qüvvələrə malik olması ölkənin ərazi bütövlüyü və suverenliyinin dinc yolla bərpası, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında nizamlanması üçün də mühüm amildir.

Dördgünlük müharibə bir daha sübut etdi ki, Azərbaycan Xalqının yeganə xilaskarı Azərbaycan Ordusudur. Dərk edildi ki, Ordusu möhkəm olan xalq basılmaz. Xalqımız da Ordumuza öz məhəbbətini nümayiş etdirdi. Xalq şəhidləri yüksək ehtiramla son mənzilə yola saldı. Onminlərlə insanın müşayiətilə şəhidlərin dəfn mərasimlərini gördü, dəfn mərasimlərində dalğalanan minlərlə bayraqları gördü. Gördü, ki kifayət qədər zabit şəhid olub. Bu əslində onu göstərir ki, döyüşlərdə zabitlərimiz də ön cəbhədə əsgərlərlə eyni səngərdə döyüşür. Ordumuz düşmənə cavab verə biləcək tam hazırlığa malikdir.

Xalqın döyüş ruhunu özünə qaytardı. Azərbaycan cəmiyyətində milli vətənpərvərlik yüksəldi – hətta ordumuzun ehtiyacı olmadığı halda, ordumuza maddi dəstək olmaq istəyənlər döyüş bölgələrinə axını başladı. Şoulaşmış insanlar, müğənnilər, teleaparıcılar və hətta deputatalar da qısa müddətdə iş üslublsrını dəyişdilər. İnternet müstəvisində gedən vertual müharibədə də xalqın birliyi və qələbə əzmi özünü göstərdi. Xüsusən dövlət sirri olan məqamlarda əsl vətəndaşlarımızın diqqətli olduğu hiss olunurdu. Könüllü döyüşə getmək və Vətən yolunda vuruşmaq, hətta şəhid olmaq istəyən gənclərimizin sayı gündən–günə artdı. Ordu da isə bir nəfər belə döyüşdən yayınma halına yol vermədi. Düşmən tərəf isə pərən-pərən oldu. Bu günədək də şəxsi heyəti toplaya bilmirlər. Azərbaycan Ordusunun işğalçı ordu üzərində hərbi, texniki, döyüş hazırlıq və maddi-texniki təminat göstəricilərinə, həmçinin mənəvi-psixoloji hazırlığına görə üstünlüyü əyani olaraq bütün dünya tərəfindən təsdiqləndi.

Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyevin və Ordu rəhbərliyinin qətiyyətli addımları sübut etdi ki, Azərbaycan özünün əks hücumu ilə işğalçı ölkənin və onun havadarlarının arxayınçılığına son qoydu, “yumşaq güc” nümayişi ilə ona və havadarlarına dərs verdi ki, münaqişə həll edilməsə növbəti dəfə hərbi-siyasi şərait yetişən kimi ona daha ağır zərbə endiriləcək.

Vicdanı olan istənilən şəxs qarayaxmalarla məşğul olmaq əvəzinə Ordumuzdakı vəziyyəti ədalətli qiymətləndirə bilər. Çünki, bu gün baş verənlərin hamısı mətbuat üçün açıqdır. Hərbi hissələrdə mütamadi olaraq açıq qapı günləri keçirilir. Valideynlər və mətbuat nümayəndələri hərbi hissələrdə olaraq hər şeyi öz gözləri ilə görür və kifayət qədər dəqiq məlumatlar əldə edirlər. Müdafiə Nazirliyinin rəhbəliyi ilə əlaqə saxlamaq üçün qaynar xəttlər yaradılmışdır. İstənilən şəxs hər an zəng edərək Ordumuzla əlaqəli suallarına cavab ala bilər. Müdafiə Nazirliyinin və hərbi hissələrin rəhbərliyi hərbi qulluqçuların ailələri ilə mütəmadi olaraq görüşlər keçirilir və yaranmış sullar yerindəcə öz həllini tapır.

Həyatını Vətəninə, Xalqına xidmətə həsr edən bir zabit kimi mətbuatda və internet saytlarında Ordumuzun və Ordu rəhbərliyinin əleyhinə yazılar yazan, qarayaxma ilə məşğul olan bəzi təxribatçı araqarışdıranlara çatdırıram ki, belə hallar yol verilməzdir. Həmin yazıları bizim düşmənlərimiz də yazırlar. Əlbətdə onların belə etmələri şübhə doğurmur və başa düşüləndir. Düşməndir və bizimlə düşmənçilik ədavətləri var. Şübhə doğuran odur ki, bəzi bizim içimizdəkilər də ordumuza ləkə yaxırlar. Hamımız Ordumuzdakı irəliləyişlərdən sevinc dolusu danışmalı və Ordumuzu sevməli, onu təbliğ etməli, dayaq durmalı, Ordumuzla qürur duymalıyıq.

Hərbi ekspert, müharibə və silahlı qüvvələr veteranı, ehtiyatda olan polkovnik-leytenant Əliyev Daşdəmir 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi