Əbu-Dabidəki "IDEX-2015" sərgisində Azərbaycan müdafiə sənayesinin yeni məhsulları - FOTOREPORTAJ

Əbu-Dabidəki "IDEX-2015" sərgisində Azərbaycan müdafiə sənayesinin yeni məhsulları - FOTOREPORTAJ Azərbaycan Müdafiə Sənayesi Nazirliyi bu sərgidə ikinci dəfə iştirak edir
Hərbi
2 Mart , 2015 11:46
Əbu-Dabidəki IDEX-2015 sərgisində Azərbaycan müdafiə sənayesinin yeni məhsulları - FOTOREPORTAJ

Əbu-Dabi. 2 mart. REPORT.AZ/ Fevralın 22-dən 26-dək Birləşmiş Ərəb Əmirliklərin paytaxtı Əbu-Dabidə şəhərin  əmiri Şeyx Xəlifə bin Zayed əl-Nahyanın hamiliyi altında "IDEX-2015" XXII Beynəlxalq Müdafiə Sərgisi keçirilib. 

"Report" xəbər verir ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) artıq ikinci dəfədir ki, dünyanın aparıcı hərbi şirkətlərinin təmsil olunduğu bu mötəbər sərgidə iştirak edir. 

Sevindirici haldır ki, hər sərgidə MSN yeni məhsullarını nümayiş etdirir. Əvvəllər Azərbaycanın bu sahədə təcrübəsi olmasa da, hazırda beynəlxalq səviyyədə ölkənin müdafiə təyinatlı məhsullarına böyük maraq  göstərilir. 

"IDEX-2015" sərgisində də Azərbaycan müdafiə sənayesinin əsas yeni məhsulu  5,62x45mm kalibrli EM-14 avtomat silahı olub. Əsasən xüsusi təyinatlı qoşunlar üçün nəzərdə tutulan avtomatın qatlanan qundağı və 30 patrondan ibarət möhkəm plastmasdan hazırlanmış güllə darağı var. Bu onun çəkisini nisbətən yüngül edir - cəmi 3,9 kq, bu da xüsusi təyinatlı əsgərlər üçün çox vacibdir. Bu avtomatın atıcılıq tezlik sürəti 660 patron/dəqiqədə təşkil edir. 

Azərbaycan stendində daha bir maraqlı eksponat NATO-nun standartlarına cavab verən 7,62x51 mm kalibrli "Yalquzaq" snayper tüfəngi olub. Tüfəngin ən sərt iqlim şəraitində istifadə olunma imkanı onu müxtəlif ölkələrin, o cümlədən ərəb ölkələri ordularında istifadəsini effektiv edir. Qeyd etmək lazımdır ki, məhz "Yalquzaq" tüfəngi sərgiyə gələn ərəblərin marağına səbəb olub. 

Lakin MSN stendinin sərgidəki fəxri və yaraşığı 12,7 mm kalibrli "İstiqlal" iri çaplı zirehli snayper tüfəngi olub. Tüfəngin çəkisi 16 kq, atış uzaqlığı - 2000 metrdir. Tüfəng artıq "IDEX-2011" sərgisində nümayiş olunub.

Bundan başqa, Azərbaycan stendində müxtəlif sursat, eləcə də müxtəlif çaplı silahlar üçün güllələr, siqnal raketləri, qumbaralar, optik vasitələr, kamuflyajlar və s. təqdim olunub. 

Burada quraşdırılmış monitorda qonaqlar xüsusi təyinatlı qüvvələrin təlimlərindən fraqmentlər izləmək imkanını əldə ediblər. Həmin təlimlərdə Azərbaycan istehsalı olan "Gürzə"  zirehli maşınından istifadə olunub. 

Azərbaycan stendində yerli istahsal olan "Zəfər", "İnam" tapançaları da nümayiş olunub. Etiraf etmək lazımdır ki, sərgidə təqdim olunan silahlarda “Made in Azerbaijan” yazısını görmək ölkəmizin müdafiə sənayesinə görə qürur hissi doğurur. 

"IDEX-2015" sərgisi Azərbaycan üçün özünün inkişaf etməkdə olan müdafiə sənayesini nümayiş etdirmək və bu sahədə müqavilələr bağlamaq üçün daha bir imkan oldu. 

Qarşıda MSN-in qrafikində mayın 5-8-də İstanbulda keçiriləcək "IDEF-2015" sərgisində iştirak etməkdir. 

Azərbaycanın "IDEX-2017" sərgisində iştirak edib-etməyəcəyi hələ məlum deyil, lakin iştirak haqqında qəti qərar verilərsə, Azərbaycanın sərgiyə gələnləri yeniliklərlə sevindirəcəyinə  əmin olmaq olar. 

Son xəbərlər

Orphus sistemi