Yuxarı

Azərbaycanla Səudiyyə Ərəbistanı hərbi sahədə əməkdaşlıq sazişi imzalayacaq

Azərbaycanla Səudiyyə Ərəbistanı hərbi əməkdaşlığı genişləndirir

Bakı. 23 yanvar. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 23-də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Həməd bin Abdulla bin Səud bin Xudeyr ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, diplomatı yeni təyinatı münasibətilə təbrik edən nazir Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin genişləndirilməsində dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığını xüsusi vurğulayıb. 

Müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Səudiyyə Ərəbistanının daim Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyinə görə qonağa minnətdarlığını bildirib.

General-polkovnik Z.Həsənov iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyətinə toxunaraq Azərbaycanın Səudiyyə Ərəbistanında hərbi attaşeliyinin təsis edildiyini, iki ölkə arasında hərbi sahədə sazişin hazırlandığını və Azərbaycan Müdafiə Nazirliyinin yüksək nümayəndə heyətinin Ər-Riyada rəsmi səfərinin planlaşdırılıdığını qeyd edib.

Səfir də öz növbəsində bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycanı özünə dost və qardaş dövlət sayır, eləcə də iki dövlət arasında hərbi sahədə əməkdaşlığa böyük önəm verir.

Diplomat bəyan edib ki, Səudiyyə Ərəbistanı Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyir və ölkəsi Azərbaycanın haqq işində daim onun yanındadır.

Səfir ölkəmizdə fəaliyyəti dövründə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi