Yuxarı

​Azərbaycanın müdafiə naziri Hərbi Dəniz Qüvvələrinin döyüşə hazırlıq səviyyəsini yoxlayıb

Zakir Həsənov hərbi gəmilərə baxış keçirib, onların taktiki-texniki xüsusiyyətləri, silahlanması vəziyyəti ilə maraqlanıb

Bakı. 24 iyul. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin yeni bazasında hərbi gəmilərin və şəxsi heyətin döyüşə hazırlıq səviyyəsini yoxlayıb. Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi gəmilərin daimi yerləşmə məntəqəsinə gələn müdafiə naziri və nazirliyin rəhbərliyi hərbi hissənin qərargahı qarşısında ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.

Komanda məntəqəsinə gələn müdafiə nazirinə Hərbi Dəniz Qüvvələri komandanı vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Şahin Məmmədov gəmilərin ümumi hazırlığı, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda əməliyyat şəraiti, Hərbi Dəniz Qüvvələrinin idarə olunmasının həyata keçirilməsi barədə operativ məlumatları məruzə edib.

Müdafiə naziri ən müasir texnologiyalara əsaslanan avadanlıqlarla təmin edilmiş komanda məntəqəsində məlumatların toplanması, təhlili və müvafiq qərar qəbul edilməsi ilə əlaqədar fəaliyyət göstərən dəniz qüvvələrinin komanda heyəti ilə görüşüb.

Sonra nazir hərbi gəmilərə baxış keçirərək onların taktiki-texniki xüsusiyyətləri, silahlanması, düşmənə qarşı mübarizə vasitələrinin vəziyyəti ilə maraqlanıb. Komanda məntəqələri, təhlükəsizlik, qəza-xilasetmə, maddi-texniki təminat bölmələri, o cümlədən gəmi heyətinin yerləşməsi, qidalanmasının təşkili, vaxta xidmətinin aparılması, həmçinin həyati vacib digər qurğular barədə ətraflı məlumat verilib.

Müdafiə naziri cari ilin avqust ayının 1-dən 15-dək Rusiya Federasiyasının Mahaçqala şəhərinin limanı yaxınlığında keçirilməsi planlaşdırılan “Xəzər Dənizi - 2015” beynəlxalq müsabiqəsində iştirak etməsi nəzərdə tutulan 2 ədəd gözətçi və 1 ədəd xilasedici yedək gəmisində olub. Nazir gəmilərin və heyətin səfərə hazırlığını yoxlayıb, onlara yarışlarda Azərbaycan xalqını, dövlətini, Silahlı Qüvvələri yüksək səviyyədə təmsil edərək uğurlu nəticələr və qələbələr əldə etmələrini arzulayıb.

Döyüş gəmilərinin ümumi vəziyyətini və şəxsi heyətin hazırlığını müsbət qiymətləndirən müdafiə naziri bütün bu nailiyyətlərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində əldə edildiyini xüsusi qeyd edib.

Müdafiə naziri Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığının daha da artırılması, silahlanmada olan döyüş vasitələrinin yenilənməsi, keyfiyyətinin və gücünün artırılması, o cümlədən gəmi heyətinin sosial-məişət şəraitinin yüksəldilməsi barədə müvafiq göstəriş və tapşırıqlarını verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi