​ADİU-nun professor-müəllim heyəti və tələbələri cəbhə bölgəsində olublar

​ADİU-nun professor-müəllim heyəti və tələbələri cəbhə bölgəsində olublar Professor Ədalət Muradovun rəhbərlik etdiyi qrup Gəncə şəhərindəki hərbi hissədə gənc əsgərlər və onların valideynləri ilə görüşüblər
Hərbi
14 İyul , 2015 19:13
​ADİU-nun professor-müəllim heyəti və tələbələri cəbhə bölgəsində olublar

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələri gündən-günə genişlənir. Nazirliklər, idarə-müəssisələr, yerli icra hakimiyyəti orqanları və qeyri hökumət təşkilatları ilə birgə təşkil edilən kütləvi vətənpərvərlik mərasimləri ordu ilə xalqın monolit birliyinin nümayişinə çevrilir və bu kimi silsilə tədbirlər gənclərin orduya hazırlanması, onların hərbi ənənələr əsasında vətənpərvərlik tərbiyəsi və Silahlı Qüvvələr şəxsi heyətinin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir.

"Report" nazirliyin saytına istinadən məlumat verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rektorluğu, professor-müəllim və tələbə heyəti Silahlı Qüvvələrin şəxsi heyəti ilə daim əlaqə saxlayır. Bir neçə ay öncə universitetdə cəbhə bölgələrindən dəvət edilmiş döyüş və mənəvi-psixoloji hazırlıq əlaçıları ilə görüş keçirilib, ön səngərdə əsgəri borclarını şərəf və vicdanla yerinə yetirdiklərinə və xidmətdə fərqləndiklərinə görə onlar bu təhsil ocağının xüsusi hədiyyələri ilə mükafatlandırılıblar.

Bir həftə öncə universitetin rektoru, professor Ədalət Muradov müdafiə naziri general-polkovnik Zakir Həsənova müraciət edərək bir qrup professor-müəllim və tələbənin düşmənlə təmas xəttində xidmət keçən hərbi qulluqçularla görüşmək, problem və qayğıları ilə maraqlanmaq, onlara mənəvi dayaq olmaq arzusunda olduqlarını bildirib. Rektorun müraciəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən razılıqla qarşılanıb və onlara istənilən bölgələrə getmələri üçün şərait yaradılıb.

Artıq professor Ədalət Muradovun rəhbərlik etdiyi Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup professor-müəllim və tələbəsinin cəbhə bölgələrinə səfəri başa çatıb.

Bir həftə davam edən səfər zamanı onlar Goranboy, Göygöl, Gədəbəy, Tovuz, Qazax və digər bölgələrdə olmuş, şəxsi heyətlə görüşmüş, onların xidmət şəraitləri ilə tanış olmuş, hərbi qulluqçuların problem və qayğıları ilə maraqlanmışlar.

Dəniz səviyyəsindən 3 min metrdən çox yüksəkliklərdə olan zirvələrdə Vətən torpaqlarının keşiyində ayıq-sayıq dayanan, düşmən kəşfiyyat-təxribat qruplarının qarşısını mərdliklə alan, hər gün atəşkəs rejimini bir neçə dəfə pozan Ermənistan silahlı bölmələrinin vaxtında layiqli cavabını verən əsgər və zabitlərlə görüşlər onların Azərbaycan ordusuna və qələbəyə inamını daha da artırıb.

Professor Ədalət Muradov deyir: “Mən memarı xalqımızın ümummilli lideri Heydər Əliyev olan və ulu öndərimizin ordu quruculuğu siyasətini prezident kimi fəaliyyətində prioritet bilən Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusunun regionda ən güclü ordu olduğunu bilirdim. Ancaq ön səngərdə gördüklərim, hərbi qulluqçuların sosial-məişət şəraiti, ərzaq təminatı, hər şeydən öncə isə onların döyüş hazırlığı və vətənpərvərlik ruhu məni bir daha əmin etdi, sevindirdi. Bizi müşayiət edən Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbanin - Əsgəri güllə yox, laqeydlik, ona qarşı soyuq münasibət öldürür. Silahlı Qüvvələrdəki bu inkişafı, bu uğuru görməyən, qiymətləndirməyən elə nankorlar var ki, hələ də ordumuzun bostanına daş atmaqdan usanmırlar,- fikri ilə tam raziyam. Mən bu səfərdən çox böyük təəssüratlarla, yenidən böyük bir qrupla Vətən əsgərləri ilə görüşə qayıtmaq arzusu ilə cəbhə bölgələrindən geri döndüm. Əsgər üçün nə etsək azdır. Bu gün “Hər şey ordu üçün, hər şey qələbə üçün!” şüarı bütün ölkəni əhatə etməlidir...”.

Əsgər və zabitlər millət vəkili, iqtisad elmləri doktoru, professor Xanhüseyn Kazımlının çıxışlarını da böyük maraqla qarşılayıb və onun dəfələrlə cəbhə bölgələrində olmasını digər ziyalılarımıza nümunə göstəriblər. Professor hərbi hissələrə “Böyük siyasətin davamı” adlı çoxcildliyinin çapdan çıxmış 7 cildini hədiyyə edib.

Universitetin “Qiymət və qiymətləndirmə kafedrası”nın əməkdaşları, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Bulud Sadıxov, baş müəllim, dosent İbrahim Quliyev, Milli Qəhrəman Rafiq Alıcanovun oğlu, tələbə Elvin Alıcanov və başqaları döyüşçülərlə səmimi söhbətlər edib və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanacaq döyüşlərdə onlar da Vətən əsgərləri ilə bir yerdə olacaqlarını bildiriblər.

Universitetin kollektivi adından hərbi hissəyə və xidmətdə fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr və fəxri fərmanlar verilib.

Polkovnik Oruc Abdullayev şəxsi heyət adından qonaqlara dərin minnətdarlığını bildirərək onları əmin edib ki, bundan sonra da Vətənimizin və xalqımızın milli təhlükəsizliyini etibarla qoruyacaq, əsgəri borclarını şərəflə yerinə yetirəcəklər.

Səfər çərçivəsində professor-müəllim və tələbələr Goranboy rayonunda şəhid Etibar Xudavi oğlu Kazımovun ölümündən sonra təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalın ailəsinə təqdim olunması mərasimində, Ağstafa şəhərində Azərbaycanın Milli Qəhrəmanı kapitan Rafiq Alıcanovun 50 illik yubileyinə həsr olunmuş yubiley mərasimində iştirak edib, cəbhəyanı bölgədəki kəndlərin əhalisi ilə görüşüb və onlarla maraqlı söhbətlər ediblər.

Cəbhə bölgələrindən qayıdarkən professor Ədalət Muradovun rəhbərlik etdiyi qrup Gəncə şəhərindəki hərbi hissədə gənc əsgərlər və onların valideynləri ilə görüşüblər. Gənc əsgərlər arasında Azərbaycan Dövlət İqtisad Universitetinin də xeyli məzununu görən professor və müəllimlər bundan böyük qürur duyduqlarını bildirib və onlara xidmətdə uğurlar arzulayıblar.

Qərara alınıb ki, cəbhə bölgələrinə səfər təəssüratlarından ibarət "Ön səngərdə nələr gördük" adlı kitab-albom hazırlanaraq nəşr etdirilsin.

Son xəbərlər

Orphus sistemi