Bakı. 3 mart. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşini qəbul edib.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Z.Həsənov regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.
Görüşdə Azərbaycanla Yaponiya arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olması barədə fikir mübadiləsi aparılıb.