Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar qardaş ölkənin Konya şəhərində keçirilən "Anadolu Qartalı-2023" beynəlxalq taktiki-uçuş təlimlərini izləyiblər.
“Report” xəbər verir ki, H.Akar həmkarını Hərbi Hava Qüvvələrinin qərargahında qarşılayıb.
Onlar “Anadolu Qartalı” Tədris Mərkəzində fəxri qarovulun önündən keçiblər və şəxsi heyəti salamlayıblar. Daha sonra xatirə şəkli çəkdirilib.
Brifinqdən sonra təlim çərçivəsində "Yüksək səviyyəli müşahidəçi günü" keçirilib.
Z.Həsənov, H.Akar və digər qonaqlar təlimlərin əsas mərhələsini izləyiblər.
Xatırladaq ki, Z.Həsənov Türkiyədə səfərdədir.
Qeyd edək ki, “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimləri aprelin 27-də başlayıb.
Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri təlimə cəlb olunub.
Təlimlərdə ABŞ, Avstraliya, Efiopiya, Mərakeş Krallığı, Fransa, Gürcüstan, İsveç, Qırğızıstan, Şimali Makedoniya, Liviya, Malayziya və İordaniya Krallığının nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.