Azərbaycan hərbçiləri və ailə üzvləri Türkiyəyə növbəti yardım göndərib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvləri Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində yaradılmış toplama məntəqələrinə yardım gətirməyə davam edirlər.
Könüllü şəkildə gətirilən növbəti geyim, ərzaq məhsulları və digər zəruri əşyalar təyin olunmuş məntəqələrdə toplanıb, çeşidlənərək bağlamalara yığıldıqdan sonra yük avtomobili vasitəsilə Türkiyəyə yola salınıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən qardaş ölkəyə yardım tədbirləri davam edir.