“Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın uzatdıqları sülh əlini Ermənistanın fürsət olaraq dəyərləndirməsini və bu imkandan istifadə etməsini istəyirik”.
“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Prezident İlham Əliyevin əmri və komandanlığı altında “Bir Vətən əməliyyatı”nı uğurla həyata keçirib.
Türkiyənin müdafiə naziri söyləyib ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Ermənistanın işğalı altındakı torpaqlarını azad edib: “İndi yeni bir mübarizə, iqtisadi mübarizə başlayıb. Türkiyə Silahlı Qüvvələri olaraq azərbaycanlı qardaşlarımızla birgə fəaliyyət göstərərək oraya xaincəsinə yerləşdirilən, günahsız insanların həyatını təhdid edən əldəqayırma partlayıcılar və minalar başda olmaqla, hər cür təhdid və təhlükənin aradan qaldırmaq üçün gecə-gündüz çalışırıq”.