Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Ankara şəhərində Heydər Əliyev Parkını ziyarət edib.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan nümayəndə heyəti burada Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.
Sonra Baş Qərargah rəisi Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülər ilə görüşüb.
Türkiyənin milli müdafiə naziri nümayəndə heyətini salamlayaraq ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən general-polkovnik K.Vəliyev hər iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini vurğulayıb.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik məsələləri də müzakirə edilib.
Türkiyənin milli müdafiə naziri ordu generalı Yaşar Gülər qardaş ölkədə rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevi qəbul edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Müzakirələrdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak da iştirak edib.
Qeyd edək ki, K.Vəliyev Türkiyədə səfərdədir.