“Təlim ordunun döyüş qabiliyyətinin artırılmasında mühüm əhəmiyyətə malikdir” - RƏY

“Təlim ordunun döyüş qabiliyyətinin artırılmasında mühüm əhəmiyyətə malikdir” - RƏY Tarixin müxtəlif dövrlərində təlimlərə dəyər verən məşhur hərb xadimləri belə hesab ediblər ki, təlim mühüm hərbi əməliyyat planı olaraq orduda şəxsi heyətin döyüş vərdişlərinin möhkəmlənməsində və hərbi qulluqçuların qələbəyə inamının güclənməsində əsas əhəmiyyət kəsb edir.
Hərbi
4 Mart , 2020 12:39
“Təlim ordunun döyüş qabiliyyətinin artırılmasında mühüm əhəmiyyətə malikdir” - RƏY
mod.gov.az

Tarixin müxtəlif dövrlərində təlimlərə dəyər verən məşhur hərb xadimləri belə hesab ediblər ki, təlim mühüm hərbi əməliyyat planı olaraq orduda şəxsi heyətin döyüş vərdişlərinin möhkəmlənməsində və hərbi qulluqçuların qələbəyə inamının güclənməsində əsas əhəmiyyət kəsb edir.

“Report”un məlumatına görə, ehtiyatda olan polkovnik-leytenant Arif Pənahlı bildirib ki, son illər Azərbaycanın ordu quruculuğunda xüsusi önəm verilən məsələlərdən biri də müxtəlif təyinatlı hərbi bölmələrdə təlimlərin müntəzəm keçirilməsidir:

“Bəzi hallarda ehtiyatda olan hərbi mükəlləfiyyətlilərin də təlimlərə cəlb edilməsi başadüşüləndir, çünki ordumuzun hərbi arsenalına daxil edilən müasir silah və texnikaların döyüş sirlərinin öyrənilməsi baxımından bu olduqca vacibdir. Ümumiyyətlə, təlim əsgərin də, zabitin də, gizirin də həyatında əhəmiyyətlidir. Çünki belə sınaqlar onların hərbi bacarığını təsdiqləməklə yanaşı həm döyüş ruhunu artırır, həm də hərbi vərdişləri daha da təkmilləşdirir. Dünya şöhrətli sərkərdə Suvorov əbəs deməyib ki, təlimdə tər axıdan, döyüşdə qan tökməz. Deməli kim təlimdə fərqlənirsə, hərbi əməliyyatda üstünlük onun tərəfindədir”.

A.Pənahlı deyib ki, bəzi hərbi ekspertlər, beynəlxalq səviyyəli analitiklər Azərbaycanı müharibəyə hazırlaşmaqda qınayır, bu məqsədlə ordumuzda təlimlərin tez-tez və geniş miqyasda keçirlməsini pisləyirlər: “Amma bir həqiqəti etiraf etməyi istəmirlər ki, uzun illərdir müharibə şəraitində olan, torpaqlarının bir hissəsi işğala məruz qalan və bir milyondan artıq vətəndaşı didərgin, köçkün vəziyyətində yaşayan məhz Azərbaycandır. İşğalçı Ermənistanın təcavüzkarlıq niyyəti illərdir ki davam edir və buna görə də sülh danışıqlarında heç bir nəticə əldə olunmur. Məhz bu baxımdan Azərbaycan haqlı olaraq müdafiə potensialını gücləndirir. Deməli, işğalçı tərəf öz çirkin təcavüzkarlıq mövqeyindən əl çəkmirsə, onda dövlətimiz beynəlxalq hüquqla təsbit olunmuş ərazilərini istənilən vasitələrlə azad etməyə hazır olmalıdır.

Müdafiə Nazirliyinin Mətbuat Xidməti tərəfindən yayılan məlumatda göstərildiyi kimi, hazırda Azərbaycan Ordusunun şəxsi heyəti cəbhə xəttində növbəti genişmiqyaslı döyüş təlimi keçirir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı əsasında və ordunun illik döyüş hazırlığı planına müvafiq olaraq keçirilən təlimə müxtəlif təyinatlı döyüş bölmələri cəlb olunub. Müdafiə Nazirliyi rəhbərliyinin iştirak etdiyi təlimin cəbhə xəttində baş tutması yenə də düşmənlərimizin canına vəlvələ salıb. Artıq işğalçı Ermənistanın özündə də çoxsaylı politoloq və ekspertlər bu təlimlərdən danışaraq Azərbaycanın məqsədyönlü şəkildə geniş hərbi əməliyyatlara hazırlaşdığını israrla bildirirlər. Bəzi sapı özümüzdən olanlar isə belə təlimlərin hansısa çirkin niyyətlə keçirildiyinə işarə edirlər. Belə bədxahlar Vətənini, millətini düşünməyən və düşmənlə iş birliyində olan qüvvələrdir.

Təkcə düşmənlərimiz deyil, müstəqil Azərbaycanımızın beynəlxalq arenada gündən günə artan nüfuzuna kölgə salmağa çalışanlar da birdəfəlik başa düşməlidirlər ki, dövlətimiz iqtisadi gücünü artırdıqca, hərbi qüdrətini də gücləndirəcəkdir. Elə təlimlərin keçirilməsində də məqsəd Azərbaycan Ordusunun döyüş qabiliyyətini daha da gücləndirməkdir. Güclü, qüdrətli ordumuz isə üzərinə düşən ən vacib tapşırığı yerinə yetirməyə – torpaqlarımızı işğaldan azad etməyə tam qadirdir”.

Son xəbərlər

Orphus sistemi