Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan əsgər Sərxan Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Bu barədə "Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bötövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbirdə çıxış edənlər rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərdən, bu Qələbənin tarixi əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının qəhrəmanlığından və şəhid əsgərin həyatından danışıblar.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək, vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə əsgər Əliyev Sərxan İslam ölümündən sonra müxtəlif medallar ilə təltif olunub.
Şəhidin valideynləri İslam Əliyev və Esmira Pərvanəyeva övladları haqqında xatirələrini bölüşüb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Mərasimin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi tərənnüm edən musiqilər ifa ediblər.