Aprelin 12-də Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Səbuhi Tağıyev dəfn edilib.
"Report"un yerli bürosu xəbər verir ki, şəhid Şahbuz rayonunun Badamlı qəsəbəsində torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəsmi şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aprelin 12-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhid Səbuhi Tağıyevin cənazəsinin qarşılanma mərasimi olub.
"Report"un yerli bürosu xəbər verir ki, mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, şəhidin ailə üzvləri tədbirdə iştirak ediblər.
Şəhidin cənazəsi Şahbuz rayonunun Badamlı qəsəbəsinə yola salınıb. S.Tağıyev həmin qəsəbənin qəbiristanlığında dəfn olunacaq.
Ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Səbuhi Gündüz oğlunun nəşi Naxçıvan Muxtar Respublikasına yola salınıb.
"Report"un yerli bürosu xəbər verir ki, onun nəşi bu gün ailəsinə təhvil veriləcək.
Şəhidin cənazəsi Şahbuz rayonu Badamlı qəsəbəsində dəfn olunacaq.
Qeyd edək ki, şəhid Səbuhi Tağıyev Şahbuz rayonunun Şada kəndində anadan olub. O, sonradan ailəsi ilə birlikdə Badamlı qəsəbəsinə köçüb.
Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
Allah rəhmət eləsin!