Bu gün Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçusu, baş leytenant Elçin Ağayevin doğum günüdür.
"Report"un Muğan bürosunun məlumatına görə, şəhidin doğum günü onun yaşadığı Cəlilabad rayonun Günəşli kəndindəki evlərində qeyd olunub.
Mərasimdə Cəlilabad Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərliyi və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə şəhid E.Ağayevin döyüş yolundan söz açılıb və onun vətənpərvərliyindən bəhs olunub. Bildirilib ki, baş leytenant Elçin Ağayev Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinin ilk günlərindən bir sıra uğurlu əməliyyatlarda fəal iştirak edib. Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Qeyd olunub ki, Vətənə olan məhəbbəti, düşmənə olan nifrəti şəhidimizin ən başlıca silahı olub.
Qeyd edək ki, Elçin Zakir oğlu Ağayev 1993-cü il iyulun 7-də Cəlilabad rayonun Günəşli kəndində anadan olub. O, 2010-cu ildə orta məktəbi bitirib və Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2015-ci ildə təhsilini başa vuraraq peşəkar hərbçi kimi xidmətə başlayıb. Öz xahişi ilə xidməti vəzifəsini cəbhə bölgəsində davam etdirib və 4 il bölük komandiri işləyib.
Elçin Ağayev İkinci Qarabağ müharibəsi zamanı oktyabrın 6-da şəhid olub. Onun nəşi doğulduğu kənd qəbristanlığında torpağa tapşırılıb.
E.Ağayev göstərdiyi qəhrəmanlıqlara görə Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə", “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin 2 qız və 1 oğlan övladı yadigar qalıb. Şəhidliyindən sonra dünyaya gələn qız övladına isə həsrətində olduğu Şuşa adı qoyulub.