Birinci Qarabağ müharibəsində Füzulinin Kürdmahmudlu kəndində itkin düşən və meyitinin qalıqları 30 il sonra Xocavənddə aşkarlanan Təhsin Hacıyevin nəşi torpağa tapşırılıb.
“Report”un Aran bürosu xəbər verir ki, şəhidin nəşi Salyan rayonunun Qarabağlı kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində Salyan rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Birinci Qarabağ müharibəsində Füzulinin Kürdmahmudlu kəndində itkin düşən və meyitinin qalıqları 30 il sonra Xocavənddə aşkarlanan Təhsin Hacıyevin nəşi Salyan rayonunun Qarabağlı kəndinə gətirilib.
“Report”un Aran bürosunun məlumatına görə, bu gün şəhidlə doğulduğu evdə vida mərasimi keçiriləcək.
Qeyd edək ki, Hacıyev Təhsin Fikran oğlu 1973-cü il aprelin 24-də Salyan rayonunun Qarabağlı kəndində anadan olub. 1993-cü il avqustun 31-də Füzulinin Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.
Xocavəndin Edilli kəndi düşmən işğalından azad edildikdən sonra kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarından birinin T.Hacıyevə məxsus olduğu təsdiqlənib.




