Naxçıvanın strateji yüksəkliklərində müdafiə istehkamları möhkəmləndirilib

Naxçıvanın strateji yüksəkliklərində müdafiə istehkamları möhkəmləndirilib Naxçıvan Muxtar Respublikasının Təkəqaya və Soyuq bölgələrindəki hərbi birləşmələrin məişət şəraiti xeyli yüksəldilib.
Hərbi
19 Avqust , 2021 16:07
Naxçıvanın strateji yüksəkliklərində müdafiə istehkamları möhkəmləndirilib

Naxçıvan Muxtar Respublikasının Təkəqaya və Soyuq bölgələrindəki hərbi birləşmələrin məişət şəraiti xeyli yüksəldilib.

"Report" xəbər verir ki, avqustun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Təkəqaya və Soyuq bölgələrində olub, ön xətdə xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb.

Ali Məclisin Sədri əsgərləri salamlayıb, çətin dağlıq şəraitdə xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə onlara təşəkkürünü bildirərək deyib: "Ölkəmizin sərhədlərinin qorunması ordumuzun qarşısında duran əsas vəzifədir. Buranın da strateji ərazi olduğu nəzərə alınaraq 2014-cü ildə postların yaradılması və xidmətin təşkili barədə qərar verildi. Artıq 7 ilə yaxındır ki, Azərbaycan əsgəri çətin dağlıq şəraitdə fasiləsiz xidmət aparır, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirir. 3700 metr yüksəklikdə xidmət aparmaq cəsarət və dözümlülük, bu cür strateji yüksəkliyin əldə saxlanması isə böyük qəhrəmanlıq tələb edir. Siz bunları yerinə yetirdiniz və göstərdiniz ki, Azərbaycan əsgəri qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə qadirdir".

V.Talıbov nümunəvi xidmətlərinə görə şəxsi heyətə təşəkkür edib: "Yüksəkliklərdə xidmətin yaxşı təşkil olunması qələbələrin təməlidir. Əvvəllər bu ərazidə əsgərlər çətin şəraitdə xidmət aparırdılar. Bu gün xidmətinizi layiqincə yerinə yetirməyiniz üçün hər cür şərait yaradılıb. Həm əvvəllər, həm də indi əsgər və zabitlər bu ərazidə xidməti vəzifələrini layiqincə yerinə yetiriblər. Əminik ki, sizdən sonra xidmət edənlər də bu ənənəni davam etdirərək muxtar respublikamızın, ümumilikdə, ölkəmizin strateji yüksəkliklərini layiqincə qoruyacaqlar".

Sonra şəxsi heyət birlik və bərabərliyin ifadəsi olan "Hamı bir nəfər, bir nəfər hamı üçün!" şüarını səsləndiriblər.

Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb, digərlərinə təşəkkür elan edib, yaradılan şəraitlə maraqlanıb, komanda müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti, mövcud topoqrafik və taktiki şəraitlə tanış olub.

Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun dəniz səviyyəsindən 3000 metrdən artıq yüksəkliklərdə yerləşən bölmələrində 2021-ci ilin ötən dövrü ərzində hərbi təyinatlı obyektlərin tikintisi uğurla davam etdirilərək, ümumilikdə 11 müdafiə mövqeyində yeni əsgər yataqxanaları tikilib, mövcud olanlar əsaslı təmir edilib. Müdafiə mövqelərini daimi elektrik enerjisi ilə təmin etmək üçün yeni günəş panelləri quraşdırılıb. Çətin dağlıq şəraitdə yerləşən bölmələrdə, dayaq məntəqələri və mövqelərdə müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb. Bölmələrdə əsas və ehtiyat səngərlər, mövqelər və müşahidə məntəqələri salınaraq dayaq məntəqələri təkmilləşdirilib.

Sıldırım qayalıqların arasında aparılmış mühəndis işləri nəticəsində əvvəllər uzun vaxt sərf edilən yolu bu gün qısa zamanda qət etmək mümkündür. Ümumilikdə mühəndis texnikalarının köməyi ilə yaşayış məntəqələri və müdafiə mövqeləri arasında 70 kilometrlik hərəkət yolu yenidən çəkilib və 200 kilometrdən artıq təminat yolu təkmilləşdirilərək bərpa edilib.

Son xəbərlər

Orphus sistemi