28 may - Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə silsilə tədbirlər keçirilib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirlər çərçivəsində hərbi qulluqçular üçün ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar, ekskursiyalar, kitab, foto və rəsm sərgiləri təşkil edilib, eləcə də sənədli və bədii filmlər nümayiş olunub.
Eyni zamanda ümummilli liderimiz Heydər Əliyevin, Azərbaycanın Milli Qəhrəmanları və Sovet İttifaqı Qəhrəmanlarının abidələri, Şəhidlər xiyabanları və tarixi muzeylər ziyarət edilib.
Hərbi hissələrdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin hazırladığı ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda müxtəlif musiqi nömrələri təqdim olunub, xüsusilə ön xətt bölmələrində səyyar-təşviqat qrupları fəaliyyət göstərib.