Müdafiə və Təhsil nazirlikləri "Aprel zəfərindən ötən hər günə bir ağac əkək” devizi altında tədbir keçirib

Müdafiə və Təhsil nazirlikləri "Aprel zəfərindən ötən hər günə bir ağac əkək” devizi altında tədbir keçirib Bakı. 4 aprel. REPORT.AZ/ Bu gün Müdafiə və Təhsil nazirlikləri 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun qazandığı tarixi qələbəyə həsr olunan “Aprel zəfərindən ötən hər günə bir ağac əkək” devizi altında tədbir və ağacəkmə kampaniyası keçirib.
Hərbi
4 Aprel , 2018 15:15
Müdafiə və Təhsil nazirlikləri Aprel zəfərindən ötən hər günə bir ağac əkək” devizi altında tədbir keçirib
Report

Bakı. 4 aprel. REPORT.AZ/ Bu gün Müdafiə və Təhsil nazirlikləri 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun qazandığı tarixi qələbəyə həsr olunan “Aprel zəfərindən ötən hər günə bir ağac əkək” devizi altında tədbir və ağacəkmə kampaniyası keçirib.

"Report"un xəbərinə görə, Pirəkəşkül qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə təşkil olunan ağacəkmə kampaniyasında Müdafiə və Təhsil nazirliklərinin rəhbər işçiləri, aprel döyüşləri şəhidlərinin və iştirakçılarının ailə üzvləri, şagirdlər, tələbə-könüllülər və KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları hərbi hissədə ümummili lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər. Daha sonra Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların və aprel döyüşlərində şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Hərbi hissənin klubunda keçirilən tədbirdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev çıxış edib. O söyləyib ki, aprel döyüşləri Azərbaycan ordusunun yaddaqalan ən uğurlu döyüşlərindən biridir: "Bu gün ordumuz inkişaf edir. Ermənilər həmişə ordularının yenilməzliyindən fəxrlə danışırdılar. Amma 2016-cı ilin aprelində Azərbaycan ordusu bir daha gücünü göstərdi, düşmənə sarsıdıcı zərbələr endirdi, çoxlu sayda canlı qüvvəsini və texnikasını məhv etdi. Azərbaycan Silahlı Qüvvələri düşmən ordusundan qat-qat üstün olduğu sübuta yetirildi".

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, aprel döyüşlərində qazanılan qələbənin ikinci ildönümünün ictimaiyyət, o cümlədən təhsil işçiləri tərəfindən də qeyd olunması xalqımızın mübarizə ruhunu və yüksək vətənpərvərlik hissini bir daha nümayiş etdirir: "Milli Ordumuzun şanlı tarixinə çevrilmiş aprel döyüşləri hər birimizə qürur yaşatdı".

Müdafiə Nazirliyinin zabiti, əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani qeyd edib ki, Azərbaycanın hərb tarixinin şanlı səhifələrindən olan aprel zəfərindən iki il ötür, bu münasibətlə respublikamızın bölgələrində, eləcə də Silahlı Qüvvələrin bütün birliklərində, xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilir.

Daha sonra şəhid Urfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadə, Milli Qəhrəman Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva, Milli Qəhrəman Samid İmanovun həyat yoldaşı Badam İmanov da çıxış edərək belə bir tədbirin keçirilməsindən qürur duyduqlarını bildiriblər, ölkə başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ediblər.

Sonra tədbir iştirakçıları hərbi hissədə yaradılan şəraitlə tanış olublar, əsgərlərlə birgə nahar ediblər.

Sonda hərbi hissənin ərazisində aprel döyüşlərində şəhid olanların xatirəsinə 730 ağac əkilib. Əkilən ağacların arasında, əsasən, yerli şəraitə uyğun olan zeytuna, Eldar şamına üstünlük verilib.

Son xəbərlər

Orphus sistemi