“26 iyun - Silahlı Qüvvələr Gününü qalib ölkənin qalib hərbçisi kimi qeyd etmək qürurvericidir”.
Bunu “Report”a açıqlamasında 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl və Qubadlı rayonları istiqamətində döyüşmüş Azərbaycan Orusunun mayoru Orxan Bəkirov deyib.
O qeyd edib ki, hərbçi ailəsində dünyaya göz açıb: “Müharibə, hərbi forma, silah-sursat mənim üçün yad məvhumlar deyil. Hərbçi ailəsində böyümüşəm. Atam İsmayıl Bəkirov zabit kimi fəaliyyət göstərib. Ona görə ailəm məni müharibəyə deyib-gülərək yola saldı. 2020-ci ilin sentyabr ayının 28-də Qarabağa yollandıq. Onu xüsusi ilə qeyd etməliyəm ki, döyüşə yollanan hansısa Azərbaycan oğlunun simasında qorxu, yaxud tərəddüd görmədim. Hər kəs üzündə təbəssüm, böyük bir sevinclə yola düşdü. Müharibəyə yollandığım gündən bir gün sonra, yəni sentyabrın 29-u doğum günüm idi. Elə ad günümü də döyüş bölgəsində qeyd etmək nəsib oldu”.
O.Bəkirov bildirib ki, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu və uzaqgörən siyasət, eyni zamanda, Azərbaycan xalqının dəstəyi onlara motivasiya verən əsas amillərdən olub: “Müharibə dövründə bizə məktəbli uşaqların yazdığı xeyli sayda məktub gətirirdilər. Məktubda yazılanlar, orta məktəb şagirlərinin ümid dolu sözləri, Azərbaycan Orudusunun gücünə olan əminlikləri, bizi daim irəliləməyə sövq edirdi. Onu da qeyd edim ki, müharibə bitdikdən sonra həmin məktubları da götürüb, onları yazan şagirdlərlə görüşdük. Şükürlər olsun ki, həm o məktubları yazan şagirdlərin, həm də ailəmizin yanına üzüağ döndük. Otuz il düşmən tapdağı altında qalmış torpaqlarımızı azad etdik. Biz bu zəfəri Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət, rəşadətli Azərbaycan Ordusunun gücü hesabına qazandıq. Təbii ki, bu yolda şəhidlərimiz də oldu, onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirəm, qazilərimizə isə cansağlığı arzu edirəm. Çox sevindiricidir ki, artıq biz 26 iyun - Silahlı Qüvvələr Gününü qalib ölkənin qalib ordusu, qalib vətəndaşları kimi qeyd edirik”.
44 günlük haqq savaşının daha bir iştirakçısı, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin zabiti Anar Əhmədovun sözlərinə görə, döyüşlərə Tərtərin Suqovuşan qəsəbəsi istiqamətindən qoşulub.
O söyləyib ki, Vətən müharibəsində döyüşlər zamanı yaralanıb: “Sentyabrın 27-si gecə saatlarıda bizə düşmənin təxribat törətdiyi barədə məlumat verildi və həmin təxribatın qarşısının alınması əmr edildi. Suqovuşan istiqamətində hücuma keçdik. Mən sentyabrın 30-da düşmənin əks-həmləsinin qarşısını alarkən ermənilərin atdığı əl qumbarasının partlaması nəticəsində yaralandım. Məni oradan təxliyə etdilər, əməliyyat olundum. Həkimlər mənə boyun nahiyəmdəki qəlpəni çıxara bilmədiklərini dedilər. Əməliyyatdan bir gün sonra yenidən döyüş bölgəsinə yollandım. Bilirsiniz, mən orada qala bilməzdim. Çünki biz 30 il səbr etmişdik. Artıq səbrimiz də daşmışdı. Yenidən geri qayıtmalı və düşmən tapdağı altında olan torpalarımızı azad etməli idik. Şükür Allaha qələbə qazandıq. Mən və döyüş yoldaşlarımın tək arzusu işimizin yarımçıq qalmaması, 30 il həsrətini çəkdiyimiz torpaqlara geri qayıtmaq idi. İnanın səmimiyyətimə, biz qələbəni göz yaşları ilə qarşıladıq. Deyirlər ki, kişilər ağlamaz. Amma o anları yaşayanlar bilər. Göz yaşlarımız həm sevinc, həm də kədərdən idi. Müharibə olursa, təbii ki, itkilər də olur. Amma əsas odur ki, bu gün şəhid qardaşlarımızın qanı yerdə qalmadı, biz onların qisasını aldıq və torpaqlarımızı yağılardan azad etdik. Bu gün hər birimiz alnı açıq, qürurlu və məğrur şəkildə bütün dünyaya “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” deyirik. Bir qarış belə olsun torpaqlarımdan kiməsə pay vermərik. Biz Azərbaycan oğulları torpaqlarımız üçün hər zaman canımızdan, qanımızdan keçməyə hazırıq. Nəinki biz, bizdən sonra gələcək nəsil də. Elə bu yerdə bir məqamı da qeyd edim. Mənim oğlumun adı Səiddir. Amma kimsə oğlumdan adını soruşanda o özünü “əsgər” kimi təqdim edir. Mənim adım “Əsgərdir” deyir. Elə bütün bunları nəzərə alıb deyirəm ki, biz və bizdən sonra gələcək nəsil də hər zaman Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətdə canından, qanından da keçməyə hazırdır. Odur ki, yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır!”
Müdafiə Nazirliyinin rabitə bölmələrinin rəsmisi Cəmil Əsədov söyləyib ki, Vətən müharibəsi zamanı bir çox istiqamətlərdə döyüşüb. O deyib ki, döyüşlərdən əvvəl ən böyük arzusu Şuşanı görmək olub: “Müharibə dövründə Qarabağın demək olar ki, hər qarışında olmuşam. 2020-ci il sentyabrın 27-dən dekabr ayına qədər Qarabağda iştirak etmişəm. Qubadlı, Zəngilan, Füzuli, Xocavənd istiqamətlərindən sonra ən son dayanacaq nöqtəmiz Şuşa oldu. Şuşanın qarlı qış günlərində xidmət etmişik, oranın hər bir halı ilə tanış olmuşuq. Onu qeyd edim ki, düşmən 30 il ərzində boş dayanmamışdı. Amma ermənilərin bütün hazırlıqlarına baxmayaraq, Azərbaycan Ordusunun igid oğulları torpaqlarımızı azad etdi və 30 illik həsrətə son qoyuldu. Çiyin-çiyinə çalışdığımız döyüş yoldaşlarımızın şəhid olması bizi nə qədər kədərləndirsə də, azad olunan hər qarış torpağımıza görə sevinir, irəliləmək üçün hər birimizdə stimul yaranırdı. Mən müharibə zamanı xalqın dəstəyini xüsusən qeyd etmək istəyirəm. Azərbaycan xalqı dəmir yumruq kimi birləşdi. Biz bu birlik sayəsində düşməni əzəli və əbədi torpaqlarımızdan təmizlədik.
Xalqın dəstəyindən danışarkən oxuduğum bir məktubdan söz açmaq istəyirəm. Xocavəndin Sığnaq kəndində idik. Baş zabitlərimizdən biri mənə yaxınlaşaraq, məktub göndərildiyini bildirdi. Məktubu oxuyanda onu yazan şəxsin məktəbliyə məxsus olduğunu öyrəndim. İnandırım sizi, azyaşlı uşaqların yazdığı ümid dolu sözləri, onların bizə olan inamı qarşısında kövrəlməmək mümkün deyildi. Baxın, bu bizə irəliləmək, işıqlı gələcəyə qürurla addımlamaq üçün ruhlandıran ən böyük amil idi.
Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsində düşməndən qənimət kimi götürülən silah-sursat və texnikalar Hərbi Qənimətlər Parkında nümayiş olunur. Həmin silah və texnikaların neçə-neçə oğullarımızı şəhid etdiyini düşünəndə kədərlənsəm də, bir hərbçi və vətəndaş kimi Azərbaycanın igid oğulları ilə qürur duyuram. Hərbi Qənimətlər Parkı düşmənə göz dağı, Azərbaycan xalqına fəxarətdir. Şükürlər olsun ki, bizə bu günləri görmək nəsib oldu. Artıq bütün dünya Azərbaycan xalqının və Azərbaycan Ordusnun gücünə, şücaətinə bələddir”.
Azərbaycan Orusunun mayoru Həmid Məmmədov isə bildirib ki, düşmənin hədəflərininin ortaya çıxarılması və onlara zərbə endirilməsi fəaliyyətlərində iştirak edib. O deyib: “Ümumiyyətlə, Azərbaycan hərbi gücü sayəsində düşmən hücumlarının qarşısını qısa və çevik formada alırdı. Azərbaycan Ordusu sözün əsl mənasında tarix yazdı. Buna bütün dünya şahiddir. 30 il düşmənin işğalı olan torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin illərdir yürütdüyü uzaqgörən siyasət, rəşadətli Azərbaycan Ordusunun qüdrəti və Azərbaycan xalqının birliyi sayəsində azad edildi və biz zəfər çaldıq. Zəfərimiz əbədidir və hər kəs torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçməyə hazırdır”.