Kiyevin rəhbəri vilayətə yeni hücumların nəticələrini və hazırlıqlarla bağlı durumu açıqlayıb

Hərbi
  • 28 oktyabr, 2022
  • 08:20
Kiyevin rəhbəri vilayətə yeni hücumların nəticələrini və hazırlıqlarla bağlı durumu açıqlayıb
Aleksey Kuleba

Rusiya ordusu kritik infrastruktur obyektlərimizi atəşə tutmağa davam edir.

Bunu "Report"un Şərqi Avropa bürosuna müsahibəsində Kiyev vilayəti dövlət administrasiyasının rəhbəri Aleksey Kuleba bildirib.

“İndi elə vaxtdır ki, hər kəs baş verənləri görə və müşahidə edə bilər. Heç kimə sirr deyil ki, Rusiya ordusu bizi işıqsız, müvafiq olaraq susuz və istiliksiz qoymaq üçün enerji sistemimizi məhv etməyə başlayıb. Bu üsullarla bizi məhv etməyə davam etmək tamamilə qeyri-insanidir”, - o bildirib.

A.Kuleba qeyd edib ki, oktyabrın 10-11-də və 17-18-də havadan və Rusiya ərazisindən vilayətin mühüm infrastruktur obyektlərinə və yaşayış məntəqələrinə raket zərbələri endirilməsi davam etdirilib:

“Təəssüf ki, itkilər də olub – 1 nəfər ölüb, 10 nəfər yaralanıb və onların hamısı hərbi əməliyyatlarla heç bir əlaqəsi olmayan mülki şəxslərdir. Yaşayış infrastrukturunun dağıdılmasına gəlincə, 60 evə, əsasən də özəl sektora ziyan vurulub, onlardan 8-i tamamilə dağıdılıb. İnsanlar üçün bu, yeganə mənzil idi. İndi onların qışı harada keçirəcəklərini tapmaq üçün çalışırıq. Çünki qarşıda bizi ən çətin dövr - qış dövrü gözləyir”.

O vurğulayıb ki, qısa zamanda bərpa oluna biləcək bütün infrastruktur bərpa olunub və hazırda daha çox vaxt tələb edən obyektlərdə təmir işləri davam etdirilir:

“Təəssüf ki, bu, bütün Ukrayna ərazisində elektrik enerjisinin verilməsində kəsilmələrin olmasına səbəb olub.İndi biz enerji sistemini tarazlaşdırmaq üçün planlar və cədvəllər hazırlayırıq ki, insanlar kifayət qədər ciddi çətinlikləri nəzərə alaraq günlərini başa düşə və planlaşdıra bilsinlər. Bütün bunlar bir daha təsdiqləyir ki, Rusiya Silahlı Qüvvələrinin məqsədi danışdıqları informasiya tezisləri deyil, tamam başqa şeydir. Onlar bizi dövlət olaraq, xalq olaraq məhv etmək istəyirlər, amma işığımızın olub-olmamasından asılı olmayaraq, bunu bacarmayacaqlar. Onları məhv etməyə və torpaqlarımızdan qovmağa davam edəcəyik”.

Aleksey Kuleba ilə müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.