Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu Tamerlan İsmayılov yüksək nəticə ilə liseyə qəbul olduğunu bildirib.
O, "Report"a müsahibəsində bildirib ki, 2022-ci ildə 292 bal toplayaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub:
"Kiçik yaşlarımdan hərbçi olmaq istəyirdim, arzuma çatmaq üçün ilk addımlarımı Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almaqla atdım. Orta məktəbdə təhsil aldığım zaman gələcəkdə hərbçi olmaq qərarına gəlmişdim. Bu istəyimi ailəmlə bölüşdüyümdə onların da dəstəyini almaq məni həvəsləndirdi. C.Naxçıvanski adına Hərbi Liseyə qəbul qaydaları barədə məlumatı araşdırdıqdan sonra müvafiq sənədləri toplayaraq qəbul imtahanlarında iştirak etdim. Yüksək nəticə topladım. Bu gün liseydən məzun olduğum üçün özümü çox xoşbəxt hiss edirəm".