Hərbi ekspert: “Hərbçilərin sosial müdafiəsi illər öncəki ilə müqayisədə qat-qat yaxşıdır”

Hərbi ekspert: “Hərbçilərin sosial müdafiəsi illər öncəki ilə müqayisədə qat-qat yaxşıdır” “Zabit, gizir və müddətdən artıq hərbi xidmət edən çavuşlarımız üçün mənzil şəraitinin yaxşılaşdırılması – hərbçilərin sosial təminatının əsas növlərindən biridir. Bunun da bariz nümunəsi son illər ərzində tikilərək hərbçilərin istismarına verilmiş hərbi şəhərciklərin sayının artmasıdır”.
Hərbi
131
3 Mart , 2020 10:42
Hərbi ekspert: “Hərbçilərin sosial müdafiəsi illər öncəki ilə müqayisədə qat-qat yaxşıdır”

“Zabit, gizir və müddətdən artıq hərbi xidmət edən çavuşlarımız üçün mənzil şəraitinin yaxşılaşdırılması – hərbçilərin sosial təminatının əsas növlərindən biridir. Bunun da bariz nümunəsi son illər ərzində tikilərək hərbçilərin istismarına verilmiş hərbi şəhərciklərin sayının artmasıdır”.

Bunu “Report”a hərbçilərin sosial təminatı ilə bağlı məsələni şərh edərkən hərbi ekspert Tərlan Eyvazov deyib.

O bildirib ki, hazırda xidmət edən hərbçilərin sosial müdafiəsinin təşkili illər öncəki ilə müqayisədə qat-qat yaxşıdır:

“Təxminən mənim xidmət dövrümü götürsək, komandirin müavini kimi orta əmək haqqı 50 ABŞ dollar idisə, hazırda hərbi qulluqçu 500 ABŞ dollarından aşağı maaş almır. Bu maaşa ərzaq pulunu da əlavə etsək deyə bilərik ki, nəticə MDB ölkələri arasında ön yerdə qərarlaşır. Heç orta yerdə də deyil, yuxarıdadır.

İstər həqiqi hərbi xidmətdə olan, istərsə də ehtiyata buraxılan hərbçilərimizin ən əsas problemi – mənzil şəraitinin yaxşılaşdırılması məsələsidir. Bu sahədə də ilbəil addımlar atılır.

Ermənistanın Azərbaycan Respublikasına qarşı etdiyi təcavüz nəticəsində Azərbaycan Ordusunun böyük hissəsi məhz cəbhəyanı bölgələrində dislokasiya olunub. Çünki Ordumuzun əsas tapşırıqlardan biri ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və düşmən təxribatlarının qarşısının alınmasıdır. Təmas xəttində xidmət aparan hərbi qulluqçuların də məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çoxsaylı müxtəlif işlər görülür.

Bunun nəticəsidir ki, son illərdə hərbi şəhərciklərin tikilməsi zabit, gizir və müddətdən artıq hərbi xidmət edən çavuşlarımız üçün mənzil şəraitinin yaxşılaşdırılmasına hesablanıb. Hərbi şəhərcikdən kənardakı yaşayış məntəqələrində kirayədə qalan hərbi qulluqçuların isə kirayə pulu dövlət hesabına ödənilir. Ailələrin işlə təmin olunması, sağlamlıq məsələsi və s. problemlərin həlli yolunda dövlət addımlar atır və ildən-ilə bu sahəyə artırılan qayğı özünü göstərir. Bu artım büdcə ayrımlarında da yüksələn xətlə gedir.

Düşünürəm ki, bu gün ən böyük problemimiz dövlətimizin ərazi bütövlüyünün bərpası məsələsidir və Azərbaycan Respublikasının iqtisadi potensialını nəzərə alaraq, əminəm ki, bu məsələnin həlli bütün digər məsələləri kökündən həll etməsinə imkan verəcək”.

Son xəbərlər

Orphus sistemi