Azərbaycanın Gürcüstandakı səfirliyində Anım Gününə həsr olunan mərasim keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, iştirakçılar saat 12:00-da bir dəqiqəlik sükutla Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə Azərbaycan və Türkiyənin hərbi attaşeləri - polkovnik-leytenant Fuad İbrahimov və polkovnik Burak Altınər, səfirlik və SOCAR şirkətinin əməkdaşları, Gürcüstanın ictimai xadimləri, azərbaycanlı icmanın üzvləri, KİV təmsilçiləri iştirak ediblər.
Səfirliyin müşaviri Eldar Bayramov çıxışında bildirib ki, bu gün həmçinin Suxumi şəhərinin süqutundan 28 il ötür və mərasimdə Abxaziya münaqişəsində həlak olanların da xatirəsi anılır.
Tədbir çərçivəsində Vətən müharibəsi, Ermənistanın Azərbaycana qarşı hərbi cinayətləri və Zəfər sevincini əks etdirən fotoşəkillər də sərgilənib.