Əlahiddə Ümumqoşun Ordunun zabitləri Heydər Əliyev Muzeyində olublar, hərbçilər dahi rəhbərin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat əldə ediblər.
“Report”un yerli bürosu xəbər verir ki, "Heydər Əliyev İli" çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun zabitləri Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatı və zəngin siyasi irsi ilə tanış olublar.
Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev ümummilli liderin həyatı və ictimai-siyasi fəaliyyəti barədə geniş məlumat verib. Bildirilib ki, üstün idarəçilik qabiliyyəti, uzaqgörənliyi və yüksək liderlik məziyyətləri ilə dünya siyasət tarixində seçilən ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bütün həyatını ölkənin gələcək inkişafına, xalqın rifahına həsr edib.
Ölkəmizdə dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Milli Ordu formalaşdırılıb, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb.
Qeyd edilib ki, bu gün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin qazandığı misilsiz nailiyyətlər ulu öndərin onilliklər ərzində gələcək inkişaf üçün formalaşdırdığı möhkəm təməllərdən güc alır. 44 günlük Vətən müharibəsindəki qələbəmiz də bu fikri bir daha təsdiqləyib.
Məlumat verilib ki, 1999-cu il 10 may tarixindən fəaliyyət göstərən muzeydə ümummilli liderimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, Moskvada çalışdığı və yaşadığı dövr, Azərbaycana rəhbərlik etdiyi illər və muxtar respublikada fəaliyyət dövrü zəngin materiallarla nümayiş etdirilir.