Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, sahil mühafizə bölmələrinin texniki təchizatının müasirləşdirilməsi, yeni infrastrukturların yaradılması istiqamətində fəaliyyətlər davam etdirilir.
Bu barədə "Report"a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bu tədbirlər çərçivəsində bu ilin 25 may tarixində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Mərkəzi Regional Şöbəsinin yeni inzibati binası istifadəyə verilib.
Bununla əlaqədar keçirilən açılış mərasimində çıxış edən DSX-nin rəisi general-polkovnik Elçin Quliyev Mərkəzi Regional Şöbənin yeni binasının açılışı münasibətilə şəxsi heyəti təbrik edib, dənizçi sərhədçilərin bu əlamətdar günü müzəffər Silahlı Qüvvələrimizin Vətən Müharibəsində qazandığı qələbənin sevinci ilə qeyd etdiklərini vurğulayıb.
DSX-nin digər hərbi birləşmələri ilə yanaşı, Sahil Mühafizəsinin hərbi qulluqçularının də Zəfər savaşında qəhrəmancasına vuruşduqları, 100-dək dənizçi-sərhədçinin yüksək dövlət təltiflərinə layiq görülməsi qeyd edilmib.
Azərbaycanın milli sərhəd strategiyasının banisi ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dəniz sərhədlərinin mühafizəsində əsaslı dönüşün yarandığı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində bu fəaliyyətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu, 18 fevral 2005-ci ildə DSX-nin Sahil Mühafizəsinin təsis edilməsi ilə Xəzər dənizində milli maraqlarımızın yüksək səviyyədə qorunması üçün daha geniş imkanların yarandığı, son illər ərzində DSX Sahil Mühafizəsinin 12 müasir gəmisinin dəniz kampaniyasına qəbul olunması bildirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin DSX Sahil Mühafizəsinin yeni gəmilərinə baxış məqsədilə 8 dəfə hərbi hissəyə gəlişinin dəniz sərhədlərinin mühafizəsi məsələlərinə ali diqqətin ifadəsi olması xüsusi vurğulanıb.
Qısa müddət ərzində səmərəli sərhəd mühafizə sisteminin formalaşdırılması, zəruri infrastrukturun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin görüldüyü, hazırda DSX Sahil Mühafizəsinin dəniz mühitində istənilən çağırışa çevik reaksiya göstərərək Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində enerji ehtiyatlarının, neft-qaz boru kəmərlərinin və platformalarının qorunması, beynəlxalq terrorizmə, kütləvi qırğın silahlarının komponentlərinin qanunsuz yayılmasına, qeyri-leqal miqrasiyaya və narkotik qaçaqmalçılığına qarşı mübarizədə yüksək nailiyyətlər əldə etməsi xüsusi vurğulanıb.
DSX-nin Sahil Mühafizəsi tərəfindən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Dəniz Agentliyi, Müdafiə Nazirliyinin Hərbi-Dəniz Qüvvələri, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi və Xəzər dənizində fəaliyyət göstərən digər dövlət orqanları ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə ciddi önəm verilməsi, bu orqanlarla birgə fəaliyyət nəticəsində dənizdə təhlükəsizliyin təmin olunması və xidməti tapşırıqların daha effektiv icrası şəraitinin yaradılması qeyd edilib.
Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Zəngilanın, Cəbrayılın, Xocəvəndin, Suqovuşanın azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçuların orden və medalları təqdim olunub.
Mərasimdə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevin rəhbərliyi altında heyət iştirak etmiş, cəmiyyətin 4 nəfər əməkdaşı “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif ediliblər.
Açılış mərasimindən sonra tədbir iştirakçıları 2 mərtəbəli binada yaradılmış şəraitlə tanış olublar. Buradakı xidməti otaqlara, konfrans zalına, tibb otağına, yeməkxanaya, eləcə də şəxsi heyət üçün yaradılmış istirahət otaqlarına, idman meydançasına, dənizçi sərhədçilərin istifadəsində olan xüsusi müşahidə, aşkaretmə, rabitə və s. texniki avadanlıqlara baxış keçirilib.